Azərbaycan futbol millisinin heyətinə dəvət alan Murad Məmmədovun uşaqlıq illərində yığmanın hücumçusu Mahir Emreliyə göndərdiyi mesaj sosial şəbəkələrdə maraq doğurub.
İdman.Biz xəbər verir ki, hazırda Kiprin “Pafos” futbol komandasında çıxış edən 20 yaşlı yarımmüdafiəçi 2019-cu ildə, 13 yaşında olarkən Emreliyə müraciət edib.
Həmin vaxt Emrelinin qol vurduqdan sonra anasına ünvanladığı ürək jestindən təsirlənən Murad gələcəkdə özü də eyni sevinci yaşamaq istədiyini bildirib.
O, mesajında yazıb:
“Salam, Emreli. Sən də qol vurub ürək göstərdin anana. Mən də qol vurub anama ürək göstərəcəm, inşallah. Az qalıb, gəlirəm milliyə”.

Aradan yeddi il keçdikdən sonra gənc futbolçunun arzusuna çatmaq imkanı yaranıb. Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Murad Məmmədovu noyabr oyunları üçün açıqladığı 27 nəfərlik heyətə daxil edib. Maraqlıdır ki, həmin siyahıda vaxtilə örnək götürdüyü Mahir Emreli də yer alıb.
Qeyd edək ki, 2006-cı il aprelin 26-da anadan olan Murad Məmmədov futbolçu kimi “Neftçi”nin akademiyasında yetişib. O, müxtəlif yaş qruplarında çıxış etdikdən sonra 2024/2025 mövsümündə əsas komandaya yüksəlib.
Gənc futbolçu paytaxt təmsilçisinin əsas heyətində 39 oyun keçirərək dörd qol vurub və dörd məhsuldar ötürmə verib.
2026-cı ilin yayında Kiprin “Pafos” komandasına transfer olunan Məmmədov yeni klubu ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalayıb.
Murad avrokuboklarda da fərqlənməyi bacarıb. O, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Avstriyanın “Zalsburq” komandasına qarşı keçirilən cavab görüşünün 84-cü dəqiqəsində qol vurub. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Maraqlıdır ki, Murad Məmmədov daha əvvəl atasına verdiyi başqa bir söz barədə də danışıb. “Pafos”a transferindən sonra futbolçu bildirib ki, bir gün Avropada çıxış edəcəyinə inanıb.
“Bir dəfə evdə oturarkən atama dedim ki, vaxt gələcək, mən belə klublarda oynayacağam, sən də evdən mənim avrokuboklardakı oyunlarımı izləyəcəksən. Şükürlər olsun ki, artıq buradayam və çox xoşbəxtəm”, - deyə futbolçu açıqlamasında bildirib.
Azərbaycanın U-17, U-18, U-19 və U-21 yığmalarında çıxış edən Məmmədov indi əsas milli komandada debüt etmək şansı qazanıb. O, U-21 millisində 11 qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqasında səfərdə Lixtenşteynlə, noyabrın 16-da isə yoxlama görüşündə Andorra ilə qarşılaşacaq. Lixtenşteynlə oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
