Qvardiola ABŞ millisinə rəhbərlik edə bilər

12 Noyabr 2026 08:13
58
Qvardiola ABŞ millisinə rəhbərlik edə bilər

“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola karyerasını ABŞ millisində davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, ABŞ Futbol Federasiyasında hazırkı baş məşqçi Maurisio Poçettinonun ayrılacağı təqdirdə, 55 yaşlı ispaniyalı mütəxəssisin dəvət olunması variantı fəal müzakirə edilir.

Argentinalı çalışdırıcı “Mançester Yunayted”də Maykl Karrikin mümkün əvəzləyicilərindən biri hesab olunur. Poçettino İngiltərə klubunun təklifini qəbul edərsə, ABŞ Futbol Federasiyası Qvardiolanı milliyə gətirmək üçün cəhd göstərə bilər.

İspaniyalı mütəxəssis daha əvvəl məşqçilik karyerasına fasilə vermək və dincəlmək istədiyindən İtaliya millisinə rəhbərlik etmək imkanından imtina edib.

Xatırladaq ki, Qvardiola “Mançester Siti” ilə böyük uğurlar qazanıb. Onun rəhbərliyi altında komanda altı dəfə Premyer Liqanın, üç dəfə İngiltərə Kubokunun, beş dəfə İngiltərə Liqa Kubokunun və üç dəfə İngiltərə Superkubokunun qalibi olub.

Mütəxəssis Mançester təmsilçisi ilə UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını da qazanıb.

Qvardiola bundan əvvəl “Barselona” və “Bavariya” ilə də çoxsaylı titullara sahib çıxıb.

Qeyd edək ki, ispaniyalı məşqçi ilə ABŞ Futbol Federasiyası arasında danışıqlar aparılması barədə hələlik rəsmi məlumat yoxdur.

İdman.Biz