“Barselona” qış transfer pəncərəsində Niderlandın “Tvente” futbol klubunun mərkəz müdafiəçisi Rud Neystadın transferini nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, 18 yaşlı futbolçu müdafiənin mərkəzini gücləndirmək istəyən idman direktoru Dekunun əsas transfer hədəflərindən birinə çevrilib.
Kataloniyalılar gənc müdafiəçi ilə ötən yay da maraqlanıblar. Lakin həmin vaxt keçid baş tutmayıb. “Barselona” indi yenidən danışıqlara başlamaq niyyətində olsa da, “Tvente”nin maliyyə tələbləri transferi çətinləşdirə bilər.
Niderland klubu Neystad üçün təxminən 20 milyon avro (37,96 milyon manat) tələb edir. “Barselona” rəhbərliyi bu məbləği yüksək hesab edir və daha sərfəli şərtlərlə razılığa gəlməyə ümid bəsləyir.
Müdafiəçinin cari mövsümdəki uğurlu çıxışı onun qiymətinin artmasına səbəb olub. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 18 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Neystad bu mövsüm “Tvente”nin heyətində bütün turnirlərdə 19 qarşılaşmada iştirak edib və iki qol vurub.
