Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov Lixtenşteynlə qarşılaşmada hədəflərinin qələbə olduğunu söyləyib.
İdman.Biz xəbər verir ki, futbolçu UEFA Millətlər Liqasının D Liqasında keçiriləcək matç öncəsi mətbuat konfransında komandanın hazırlığından danışıb:
“Arxada qalan Zəfər Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Oyuna gəlincə, Bakıdakı matçda hesab açılmamışdı. Rəqib meydanında qələbə qazanmaq istəyirik. Komandamıza inam var, bu görüşə ciddi hazırlaşmışıq. İnanırıq ki, istədiyimizi meydanda həyata keçirməklə xalqımıza qələbə sevinci bəxş edə biləcəyik”.
Toral Bayramov Bakıdakı oyunda yaranan qol imkanlarından yararlana bilmədiklərini xatırladaraq, bu dəfə həmin səhvləri təkrarlamamaq və istədikləri nəticə ilə Vətənə qayıtmaq istədiklərini vurğulayıb.
Lixtenşteyn - Azərbaycan görüşü noyabrın 13-də Vadutsda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
