Azərbaycan futbol millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının 2026/27 mövsümündə Litva ilə 1:1 hesablı səfər oyunundan sonra açıqlama verib.
İdman.Biz-in Kaunasa ezam olunmuş əməkdaşı xəbər verir ki, mütəxəssis komandasının daha real qol imkanları yaratdığını bildirib.
"Penalti epizodu şübhəli idi. Epizodun əvvəlində Emil Səfərova qarşı kobudluq var idi. Hesabı bərabərləşdirəndən sonra üstünlüyü ələ aldıq. Komanda olaraq intizamlı oynadıq. Azərbaycan xalqı üçün mənalı bir gündə meydana çıxdığımızın fərqində idik. Qalib də gələ bilərdik. Amma uduzmamaq da vacib idi. İnşallah, qələbələr də gələcək".
Mütəxəssis hədəfin qrupda birinci birinci yeri tutmaq olduğunu vurğulayıb:
“Bu məqsəd üçün sona qədər mübarizə aparacağıq. D Liqasından yuxarı qalxmaq istəyirik. Eyni zamanda milli komanda oyun planında daha da inkişaf etməlidir. Oyun baxımından artıq buna nail oluruq. İstədiyimiz oyunu sərgiləyirik.
Məncə, ən real qol epizodları bizdə oldu. Abdulla Xaybullayevin driblinqi var idi, hansı ki, biz bunu istəyirik, üzərində çalışırıq və futbolçularda bu keyfiyyət var. İkinci hissədə Mahir Emrelinin də çox yaxşı epizodları oldu. Əlbəttə, belə oyunlar streslidir, onlar da qol vura bilərdilər. Əsas odur ki, komandada inamı, istəyi gördük. Futbolçular milli formanın dəyərini verdilər və bu, bizdə çatışmayan məqamlardan biri idi. İnşallah, qələbələr də gələcək”, - deyə Abbasov bildirib.
Baş məşqçi milli komandada legioner və əcnəbi əsilli futbolçuların yer almasına da münasibət bildirib:
“Millidə oynayan futbolçuların qiyməti hər zaman yüksək olur. Ona görə də hər kəs istəyir millidə oynasın. Biz onun əleyhinə idik ki, Ladaqa kimilər millidə oynayırdı və azərbaycanlı futbolçuların yolunu kəsirdi. Düzdür, Bədavi başqa millətdəndir, amma Azərbaycanda böyüyüb və bu yaşda meydanda canını qoydu. Azərbaycan dilini bilmirsə, bu, o demək deyil ki, komandada lider deyil. Mən futbolçularımla Azərbaycan dilində danışıram. Bu gün Şahruddin də öyrənir, Bədavi də məni başa düşür. Bizim soyunub-geyinmə otağında tərcüməçiyə ehtiyac yoxdur”.
Abbasov gələcəkdə yerli futbolçuların sayının artırılmasını istədiyini vurğulayıb:
“Gələcəkdə istəyərik öz yetirmələrimiz olsun. Avropada yaşayan azərbaycanlılar var, onlar da gəlsin millimizə”.
Mütəxəssis müdafiə xəttindəki seçimlərini də izah edib:
“Rahil Məmmədov çox kritik epizodlarda müdafiəyə kömək etdi. Biz də rəqibin başla oyununu, standart vəziyyətlərini nəzərə alırıq. Üç gün sonra Lixtenşteynlə oynayacağıq və heyətdə dəyişiklik mütləq olmalıdır. Alternativlər yetişməlidir və bu da klublarda formalaşır. Nə qədər geniş heyətimiz olarsa, bir o qədər yaxşı qərarlar verə bilərik”.
Baş məşqçi Mahir Emrelinin çıxışına ayrıca toxunub:
“Təəssüf ki, bəlkə də Mahirin Almaniyadakı klubunda az oynaması onu çox geriyə saldı. Mahir az oynayanda da mən ona inanmışam. Təəssüf ki, potensialı olan futbolçular barmaqla sayılacaq qədərdir. Bu gün Mahir o güvəni komandaya verir, komandanı öz üzərinə götürməyi bacarır. Digər futbolçular da bu yükü götürməlidirlər”.
Qeyd edək ki, Litva - Azərbaycan görüşü 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu 14-cü dəqiqədə Mahir Emreli vurub.
Xatırladaq ki, Litva - Azərbaycan oyununu işıqlandırmaq üçün bir qrup azərbaycanlı jurnalist AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə Kaunas şəhərinə ezam olunub.
