Litva futbol millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupunda Azərbaycanla 1:1 hesabı ilə başa çatan oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz-in AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə Kaunasa ezam olunmuş əməkdaşı xəbər verir ki, litvalı mütəxəssis komandasının qələbə qazana bilməməsindən təəssüfləndiyini bildirib.
“Stadionda çox yaxşı atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Onları qələbə ilə sevindirmək istəyirdik. Təəssüf ki, meydanda planlaşdırdıqlarımızın hamısını həyata keçirə bilmədik. Yaratdığımız əlverişli imkanlardan da istifadə edə bilmədik. Bununla belə, məğlub olmamağımız da vacibdir”, - deyə Yankauskas bildirib.
Baş məşqçi qrupdakı əsas hədəflərinin birinci yer olduğunu vurğulayıb:
“Qrup liderliyi uğrunda mübarizə aparırıq. Bu səbəbdən Azərbaycanla Bakıdakı qarşılaşma bizim üçün böyük əhəmiyyət daşıyacaq. Səfərdə də münasib nəticə əldə etməyə çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də keçirəcək. Yığmamız saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyni qəbul edəcək.
