Fransanın PSJ klubunun qapıçısı Lukas Şevalye gələcəyi ilə bağlı mövqeyini dəyişib.
İdman.Biz “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, uzun müddət əsas heyətdəki yerini geri qaytarmağa çalışan 25 yaşlı futbolçu artıq başqa klubda müntəzəm oyun praktikası qazanmaq istəyir.
2025-ci ilin yayında Canluici Donnarummanı əvəzləmək üçün “Lill”dən 40 milyon avroya transfer olunan Şevalye Parisdə gözləntiləri doğrulda bilməyib. Fransalı qolkiper rusiyalı Matvey Safonovla rəqabətdə uduzaraq ehtiyat oyunçular skamyasına düşüb.
Oyun praktikasının azlığı Şevalyenin Fransa millisindəki mövqeyinə də mənfi təsir göstərib. Qapıçı 2026-cı il dünya çempionatından kənarda qalıb.
Ötən yay PSJ-də qalaraq əsas heyət uğrunda mübarizəni davam etdirmək istəyən futbolçu artıq klubunu dəyişməyə hazırdır. Həm Paris təmsilçisi, həm də Şevalye icarə və birdəfəlik transfer variantlarına açıqdır.
Fransalı qapıçının karyerasını davam etdirə biləcəyi klublardan biri kimi Manuel Noyerlə bağlı problemlər yaşayan Almaniyanın “Bavariya” klubu göstərilir.
Bununla belə, PSJ Safonova layiqli əvəzedici tapmadan Şevalyenin ayrılmasına razılıq verməyəcək.
Qeyd edək ki, fransalı qapıçının Paris klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
