Fransa futbol millisinin hücumçusu Randal Kolo Muani PSJ-dən İtaliyanın “Yuventus” komandasına daimi əsaslarla keçib.
İdman.Biz xəbər verir ki, Turin təmsilçisi 27 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb. Kolo Muani ilə 30 iyun 2031-ci ilədək müqavilə imzalanıb.
“Yuventus” PSJ-yə dörd maliyyə ili ərzində 38 milyon avro (73,4 milyon AZN) ödəyəcək. Razılaşmada 3,2 milyon avroyadək (6,2 milyon AZN) əlavə xərc və idman göstəricilərindən asılı olaraq 12 milyon avroyadək (23,2 milyon AZN) bonus nəzərdə tutulub.
Beləliklə, bonuslarla transfer haqqı 50 milyon avroya (96,6 milyon AZN), əlavə xərclərlə ümumi məbləğ isə 53,2 milyon avroya (102,8 milyon AZN) çata bilər.
Kolo Muani 2024/25 mövsümünün ikinci yarısında “Yuventus”da icarə əsasında çıxış edib. Hücumçu Turin komandasının heyətində 22 oyunda 10 qol vurub və üç məhsuldar ötürmə verib. O, ötən mövsümü isə icarə əsasında İngiltərənin “Tottenhem” komandasında keçirib.
