İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu Coşua Zirkzee yay transfer pəncərəsində “Yuventus”a keçməyə razılıq verib.
İdman.Biz xəbər verir ki, Turin təmsilçisi 25 yaşlı futbolçunun nümayəndələrindən transferlə bağlı ilkin müsbət cavab alıb. Niderlandlı hücumçunun Avropada bir neçə variantı olsa da, “Yuventus”un təklifi onu daha çox maraqlandırır.
Zirkzee daha əvvəl “Bolonya”nın formasını geyindiyi üçün İtaliya çempionatına qayıtmağa müsbət yanaşır. “Yuventus”un futbolçunu ilkin olaraq icarə əsasında heyətinə qatmaq niyyətində olduğu bildirilir.
Transferin gerçəkləşməsi üçün Turin komandası əvvəlcə Kanada millisinin hücumçusu Conatan Devidlə yollarını ayırmalıdır. Buna səbəb klubun UEFA ilə razılaşmaya əsasən yeni futbolçu transfer etmək üçün heyətdə yer açmalı olmasıdır.
“Yuventus” PSJ-dən Randal Kolo Muaninin transferini də tamamlamağa yaxındır. Buna baxmayaraq, İtaliya təmsilçisi hücum xəttinə daha bir oyunçu cəlb etməyi planlaşdırır.
Zirkzee 2024-cü ildə “Bolonya”dan “Mançester Yunayted”ə keçib. O, Premyer Liqada keçirdiyi iki mövsümdə cəmi beş qol vurub. Hücumçu Maykl Kerrikin komandanın baş məşqçisi təyin olunmasından sonra çempionatda yalnız bir matça start heyətində çıxıb.
Niderlandlı futbolçu mövsümöncəsi hazırlıq çərçivəsində “Rusenborq”la keçirilən və “Mançester Yunayted”in 5:0 hesabı ilə qalib gəldiyi görüşdə qol vurub.
