Belçika millisinin və Niderlandın “Ayaks” futbol komandasının cinah hücumçusu Mika Qodts ilə Yaponiya millisinin və İtaliyanın “Parma” futbol komandasının qapıçısı Zion Suzuki PSJ-nin transfer etmək istədiyi oyunçular sırasındadır.
İdman.Biz xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı Qodts üçün “Ayaks”a 40 milyon avrodan (77,3 milyon AZN) çox rəsmi təklif göndərib. Danışıqların sürətlə davam etdiyi və ümumi məbləğin 45 milyon avroya (87 milyon AZN) çatdırılmasının müzakirə olunduğu bildirilir.
Qodts PSJ-yə keçməyə razılıq verib. “Ayaks”ın isə belçikalı cinah hücumçusunu təxminən 60 milyon avro (116 milyon AZN) məbləğində qiymətləndirdiyi qeyd olunur.
PSJ “Parma”nın 23 yaşlı qapıçısı Suzuki üçün də 33 milyon avroluq (63,8 milyon AZN) paket təklif edib. İtaliya komandasının danışıqları davam etdirməyə hazır olduğu və Paris klubunun bu transfer uğrunda “Yuventus”u qabaqladığı bildirilir.
Beləliklə, PSJ iki futbolçu üçün ümumilikdə 73 milyon avrodan (141,1 milyon AZN) çox rəsmi təklif göndərib.
