İran futbol millisinin hücumçusu Sərdar Azmunun özünə məxsus əmlaklar üzərinə qoyulan həbsin götürülmədiyi bildirilib.
İdman.Biz xəbər verir ki, İran mediasının məhkəmə orqanlarına istinadən yaydığı məlumata görə, futbolçunun sosial şəbəkə hesabında paylaşdığı fotodan sonra onun və bəzi birinci dərəcəli qohumlarının əmlakına məhkəmə qərarı ilə həbs qoyulub.
Araşdırma çərçivəsində əmlakların alınmasında istifadə olunan vəsaitin mənbəyi yoxlanılıb. Azmunun qohumlarının öz vəsaiti ilə aldığı və futbolçu ilə maliyyə əlaqəsi müəyyənləşdirilməyən əmlaklar üzərindəki məhdudiyyət aradan qaldırılıb.
Futbolçunun vəsaiti hesabına alındığı müəyyənləşdirilən əmlakların isə həbsdə saxlanılması qərara alınıb. Azmunun özünə məxsus əmlakların heç biri ilə bağlı məhdudiyyət götürülməyib.
Hesabatda hücumçunun paylaşdığı məzmuna görə peşmanlığını bildirdiyi və məsələnin nəticələrini aradan qaldırmağa söz verdiyi də qeyd olunur.
Xatırladaq ki, Sərdar Azmun “Instagram” hesabında Dubay əmirliyinin hökmdarı Məhəmməd bin Rəşid Əl Məktumla görüşündən foto paylaşıb. Paylaşımda onun haqqında “Dünyanın ən uğurlu düşüncə sahiblərindən biri ilə görüşmək mənim üçün şərəf və xoşbəxtlik” məzmununda şərh yazıb. Bəzi mənbələr fotolarda BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın da yer aldığını bildirir.
Məsələ paylaşımın İranla Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi-siyasi gərginliyin olduğu dövrə təsadüf etməsi səbəbindən böyüyüb. Azmun isə fotonu sonradan silib.
