“Bavariya” PSJ-nin hücumçusu Bredli Barkolanın “Liverpul”a mümkün transferi ilə bağlı vəziyyəti izləyir.
İdman.Biz bu barədə jurnalist Kristian Falka istinadən bildirir.
Məlumata görə, Münhen klubu oyunçu ilə maraqlanır və gələcək planları barədə məlumat almaq üçün artıq onunla əlaqə saxlamağa çalışıb.
“Bavariya”ya bu yay transfer etmək üçün Barkola çox baha başa gəlir. Lakin mersisaydlıların onu almaq üçün vəsaitləri var. Vurğulanır ki, 23 yaşlı futbolçu daha bir mövsüm PSJ-də qalsa, alman klubu onu ala bilər. Cinah oyunçusunun müqaviləsi 2028-ci ilin yayında başa çatır.
Daha əvvəl media orqanları “Liverpul”un Barkolanın transferi üçün 100 milyon funt sterlinq (116,55 milyon avro) ödəməyə hazır olduğunu bildirmişdi.
Ötən mövsüm PSJ hücumçusu bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 13 qol vurub və yeddi məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.
