İngiltərə U-21 millisinin yarımmüdafiəçisi Aleks Skott “Bornmut”la yeni müqavilə imzalamaqdan imtina edib.
İdman.Biz “BBC Sport”a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı futbolçuya yeni sözləşmə təklif etsə də, tərəflər arasında razılıq əldə olunmayıb.
Bildirilib ki, Skottun transferində İngiltərənin aparıcı klubları maraqlıdır. “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem”, “Mançester Siti” və “Çelsi” gənc yarımmüdafiəçinin durumunu yaxından izləyir. Daha əvvəl “Arsenal”ın futbolçu üçün etdiyi təklifin “Bornmut” tərəfindən rədd edildiyi açıqlayıb.
2023-cü ildə “Bristol Siti”dən 25 milyon funt sterlinq qarşılığında “Bornmut”a transfer olunan Skottun klubla müqaviləsinin başa çatmasına iki il qalıb.
22 yaşlı futbolçu ötən ilin noyabrında ilk dəfə İngiltərə millisinin düşərgəsinə dəvət alıb, daha sonra isə baş məşqçi Tomas Tuxelin DÇ-2026 öncəsi hazırlıq heyətinə daxil edilib. Buna baxmayaraq, o, hələ əsas milli komandada debüt etməyib.
Skott ötən mövsüm “Bornmut”un heyətində uğurlu çıxışı ilə diqqət çəkib. O, komandasının tarixində ilk dəfə UEFA Avropa Liqasına vəsiqə qazanmasına töhfə verib. Yarımmüdafiəçi indiyədək klubun heyətində 89 oyunda 6 qola imza atıb.
