Futbol üzrə DÇ-2026-nın ən yaddaqalan 10 anı açıqlanıb

21 İyul 2026 19:00
176
Futbol üzrə DÇ-2026-nın ən yaddaqalan 10 anı açıqlanıb

ABŞ-nin nüfuzlu idman jurnallarından biri olan “Sports Illustrated” futbol üzrə 2026-cı il dünya çempionatının ən yaddaqalan hadisələrinin reytinqini hazırlayıb.

İdman.Biz xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialda ümumilikdə 104 oyun keçirilib, 308 qol vurulub, turnirin qalibi isə İspaniya millisi olub.

Nəşrin hazırladığı reytinqdə mundialın ən yaddaqalan 10 məqamı belə sıralanıb:

1-ci yer – Ferran Torresin tarixə düşən anı

Finalda İspaniya millisinin qələbə qolunu vuran Ferran Torres karyerasının ən möhtəşəm anını yaşayıb. Onun sevinc nümayişi Andres İnyestanın 2010-cu il dünya çempionatının finalındakı simvolik qol sevincini xatırlatdığı üçün turnirin ən yaddaqalan anı seçilib.

2-ci yer – İngiltərənin “Azteka”dakı qələbəsi

İngiltərə ilə Meksika arasında keçirilən 1/8 final qarşılaşması mundialın ən dramatik oyunlarından biri kimi dəyərləndirilib.

3-cü yer – Holand və Norveçin möhtəşəm çıxışı

Erlinq Holand 7 qolla turnirin ən məhsuldar futbolçularından biri olub. Norveç azarkeşləri də komandalarına verdikləri dəstəklə yadda qalıblar.

4-cü yer – Kabo-Verde və Kurasaonun sürprizi

Kiçik futbol ölkələri genişləndirilmiş dünya çempionatı formatının uğurlu nümunəsinə çevrilib. Xüsusilə Kabo-Verde millisi parlaq çıxışı ilə diqqət mərkəzində olub.

5-ci yer – Argentinanın mübariz ruhu

Lionel Messinin liderliyi ilə Argentina millisi turnir ərzində bir neçə möhtəşəm geridönüşə imza atıb. Komanda finala qədər böyük əzmkarlıq nümayiş etdirib.

6-cı yer – Ronaldunun Toronto sevinci

Kriştianu Ronaldu dünya çempionatının pley-off mərhələsində ilk qolunu vuraraq Portuqaliya millisinin növbəti mərhələyə yüksəlməsində mühüm rol oynayıb.

7-ci yer – ABŞ azarkeşlərinin yüksəlişi

Dünya çempionatı ABŞ-da futbola marağın daha da artdığını göstərib. Xüsusilə Sietldə azarkeşlərin yaratdığı ab-hava turnirin diqqətçəkən məqamlarından biri kimi seçilib.

8-ci yer – Şotland azarkeşlərinin yaratdığı atmosfer

Şotlandiya millisi uğurlu çıxış etməsə də, onun azarkeşləri Boston və Mayamidə yaratdıqları möhtəşəm atmosferlə turnirin yaddaqalan simalarından olublar.

9-cu yer – Kanadanın ilk mundial qələbəsi

Ev sahibi Kanada tarixində ilk dəfə dünya çempionatında qələbə qazanıb. Komanda pley-offa yüksələrək ölkə futbolu üçün əlamətdar nəticəyə imza atıb.

10-cu yer – Salah və Misirin tarixi anı

Məhəmməd Salah Misir millisini dünya çempionatındakı ilk qələbəsinə daşıyıb. Futbolçunun komanda yoldaşları və azarkeşlərlə birlikdə küçələrdə qələbəni qeyd etməsi turnirin ən səmimi görüntülərindən biri kimi qiymətləndirilib.

İdman.Biz