Almaniyada Olise qalmaqalı: “Bavariya” futbolçusunun şəxsi həyatı gündəmdədir

21 İyul 2026 17:35
193
Almaniyada Olise qalmaqalı: “Bavariya” futbolçusunun şəxsi həyatı gündəmdədir

“Bavariya”nın və Fransa millisinin futbolçusu Maykl Olise həm meydandakı çıxışı, həm də şəxsi həyatı ilə Almaniya mətbuatının diqqət mərkəzinə düşüb.

İdman.Biz “Bild” nəşrinə istinadən xəbər verir ki, Olise şəxsi həyatı ilə bağlı qalmaqalla üzləşib. Bildirilir ki, fransalı futbolçunun 20 aylıq gizli övladı var.

Düsseldorfda yaşayan Fatima Zaunbreher adlı qadın Olise ilə təxminən iki il münasibətdə olduğunu və ayrıldıqdan iki həftə sonra hamilə qaldığını bildirib. Nəşrin məlumatına görə, DNT testi futbolçunun uşağın atası olduğunu təsdiqləyib.

Qadının iddiasına əsasən, Olise indiyədək qızı ilə görüşmək istəməyib və məsələ ilə bağlı onun nümayəndələri vasitəsilə əlaqə saxlayıb. Futbolçunun məhkəmə prosesindən yayınmaq üçün aliment və kompensasiya məsələsində razılığa gəlmək istədiyi bildirilir.

Fatima Zaunbreher qızının gələcəkdə atasını tanımasını istəyir. “Bild”in məlumatına görə, o, maddi təminat olaraq aylıq 60 min avro tələb edir.

Qadın futbolçunun münasibətindən narazılığını ifadə edib:

“Öz övladına qarşı belə laqeyd münasibət görmək məni sarsıdır. O, mənimlə danışmır, sadəcə vəkillərini göndərir”.

Hazırda tərəflərin hüquqşünasları razılaşma üzərində danışıqlar aparır.

24 yaşlı yarımmüdafiəçi ötən mövsüm Münhen klubunda və DÇ-2026-da Fransa millisinin heyətində uğurlu çıxışı ilə diqqət çəkib. Onun adı hətta “Real Madrid”in transfer planları ilə də hallanır.

İdman.Biz