İspaniyanın “Barselona” futbol klubu “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin transferi ilə bağlı çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, Kataloniya təmsilçisi argentinalı futbolçuya DÇ-2026 finalındakı məyusluqdan sonra özünə gəlməsi üçün vaxt verməyə hazırdır.
Argentina millisinin həlledici görüşdə İspaniyaya 0:1 hesabı ilə məğlub olması Alvares üçün böyük xəyal qırıqlığı ilə nəticələnib. “Barselona” rəsmiləri Nyu-Yorkda keçirilən final qarşılaşmasında 26 yaşlı hücumçunun çıxışını izləyib.
Alvares dünya çempionatında cəmi bir qol vursa da, bu, Kataloniya klubunun ona olan marağını azaltmayıb. “Barselona” argentinalı forvardı Robert Levandovskini əvəz edə biləcək əsas namizəd kimi görür.
Bildirilib ki, Alvares özü də “Atletiko Madrid”in onu satmaq istəməməsinə baxmayaraq, “Kamp Nou”ya keçmək və bu arzusunu reallaşdırmaq niyyətindədir.
“Barselona”nın futbolçu üçün hazırladığı 100 milyon avroluq təklifin iyulun sonunda qüvvədən düşəcəyi qeyd olunur. Qarşıdakı günlər argentinalı hücumçunun gələcəyi baxımından həlledici ola bilər.
