DÇ-2026: İtaliya və Danimarka kənarda qaldı, Türkiyə 24 ildən sonra mundiala vəsiqə qazandı - YENİLƏNİB + VİDEO

1 Aprel 2026 01:44
505
DÇ-2026: İtaliya və Danimarka kənarda qaldı, Türkiyə 24 ildən sonra mundiala vəsiqə qazandı

2026-cı il dünya çempionatına vəsiqə uğrunda Bosniya-Herseqovuna və İtaliya arasında keçirilən pley-off oyunu başa çatıb.

Komandalar əsas vaxtda 1:1 hesabı ilə heç-heçə ediblər, lakin Bosniya komandası penaltilərdə 4:1 hesabı ilə qalib gəlib.

Moyze Kin 15-ci dəqiqədə İtaliyanı irəli çıxarıb. Qonaqlardan Alessandro Bastoni 42-ci dəqiqədə qırmızı vərəqə alıb. Haris Tabakoviç isə 79-cu dəqiqədə Bosniya millisinin bərabərlik qolunu vurub.

2026-cı il dünya çempionatına vəsiqə uğrunda Çexiya və Danimarka arasında keçirilən pley-off oyunu başa çatıb.

Komandalar əsas vaxtda 2:2 hesabı ilə heç-heçə ediblər, lakin Çexiya komandası penaltilərdə 3:1 hesabı ilə qalib gəlib. Matç Praqadakı “EPET Arena”da keçirilib.

Üçüncü dəqiqədə Pavel Şults hesabı açaraq ev sahibi komandaya üstünlük qazandırıb. Yoahim Andersen 72-ci dəqiqədə hesabı bərabərləşdirib. Əlavə vaxtda Ladislav Kreyçi 100-cü dəqiqədə Çexiya komandasının ikinci qolunu vurub. Kasper Hoq 112-ci dəqiqədə hesabı bərabərləşdirib.

00:49

2026-cı il dünya çempionatına vəsiqə uğrunda Kosovo və Türkiyə arasında keçirilən pley-off oyunu başa çatıb. Komandalar Priştinadakı “Fadil Vokrri” Stadionunda oynayıblar. Türkiyə 1:0 hesabı ilə qalib gələrək dünya çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, Türkiyə tarixində üçüncü dəfə dünya çempionatına vəsiqə qazanır. Sonuncu dəfə türkiyəlilər 2002-ci ildə mundialda oynayaraq üçüncü yeri tutublar.

Yeganə qolu 53-cü dəqiqədə hücumçu Kərəm Aktürkoğlu vurub.

2026-cı il dünya çempionatına vəsiqə uğrunda İsveç və Polşa arasında keçirilən son pley-off oyunu başa çatıb. Stokholmdakı “Strawberry Arena”da keçirilən oyun İsveç millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb və onlar DÇ-2026-ya vəsiqə qazanıblar.

İlk hissənin ortalarında ev sahibi komandanın cinah oyunçusu Entoni Elanqa hesabı açıb. 33-cü dəqiqədə qonaq yarımmüdafiəçi Nikola Zalevski hesabı bərabərləşdirib. 44-cü dəqiqədə İsveç müdafiəçisi Qustaf Laqerbilke qol vurub. 55-ci dəqiqədə polşalı hücumçu Karol Sviderski bərabərlik qolunu vurub. 88-ci dəqiqədə hücumçu Viktor Gyökeres İsveç millisinə qələbə qazandıran qolu vurub.

09:56

Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final qarşılaşmaları baş tutacaq.

İdman.Biz xəbər verir ki, Türkiyə millisi səfərdə Kosovo ilə görüşəcək.

Qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Final
31 mart

22:45. Bosniya Herseqovina - İtaliya
22:45. İsveç - Polşa
22:45. Kosovo - Türkiyə
22:45. Çexiya - Danimarka

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

İdman.Biz