Veteran futbol məşqçisi Roy Hocson 44 ildən sonra yenidən “Bristol Siti” komandasına baş məşqçi kimi qayıdıb.
İdman.Biz bildirir ki, Hocson məşqçilik karyerasına uzaq 1976-cı ildə İsveçin “Halmstad” klubunda başlayıb.
Onun məşqçilik karyerasına “Bristol Siti”dən əlavə, “Liverpul”, “Kristal Palas”, “Fulhem”, “İnter”, “Udineze” və sairə klublarda iş daxildir. “Bristol Siti” Hocsonun məşqçilik karyerasında ikinci klubu olub.
Əslində, o, 50 illik karyerası ərzində 21 fərqli baş məşqçi vəzifəsində çalışıb. Hocson, İngiltərə, İsveçrə, Finlandiya, BƏƏ kimi milliləri də çalışdırıb.
Yeri gəlmişkən, Hocsonun rəhbərlik etdiyi Finlandiya millisi AVRO-2008 seçmələrində Azərbaycanla rəqib olub. Bakıda keçirilən oyun 1:0 millimizin xeyrinə qurtarıb, Finlandiyada isə meydan sahibləri 2:1 qalib gəliblər.
Onun son məşqçiliyi, Premyer Liqa təmsilçisi “Kristal Palas”da, 2024-cü ilin fevral ayında başa çatıb.
Keçən il Sky Sports-a verdiyi müsahibədə o, demişdi: “Mən Frank Sinatra kimi karyeramı bitirmək istəmirəm”
78 yaşlı Hocson “Bristol Siti”nin Çempionşip mövsümünün son yeddi oyununa rəhbərlik etmək üçün yan xəttə qayıdacaq. “Brsitol Siti” 1982-ci ildə Hocsonla yollarını ayrıdıqdan sonra 24 baş məşqçi dəyişib. Klub hazırda 16-cı yerdədir.
