Hücumameyilli yarımmüdafiəçi Filip Foden 2027-ci ilin yayında başa çatacaq müqavilə məsələsi həll olunmazsa, yaxın aylarda “Mançester Siti”dən ayrılmağa hazırdır.
İdman.Biz bu barədə “Football Insider”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi “Siti”də aldığı oyun müddətindən narazıdır. Foden yaxın aylarda klubla razılığa gəlməsə, İngiltərəni tərk etməyə hazırdır. Vurğulanır ki, “Mançester Siti” onun getməsini istəmir.
Bu mövsüm Foden bütün yarışlarda 41 oyunda meydana çıxıb, 10 qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 80 milyon avrodur.
