Azərbaycan millisinin baş məşqçisi Türkiyə çempionundan ayrılmasının səbəbini açıqlayıb

Xəbərlər
26 Dekabr 2023 10:26
629
Azərbaycan millisinin baş məşqçisi Türkiyə çempionundan ayrılmasının səbəbini açıqlayıb

“Komandadan ayrılmaq mənim təklifim olub. Klub rəhbərliyi fikrimdən dönməyimi istəsə də, qərarımı dəyişmədim”.

Bunu İdman.biz saytına Türkiyənin “Fomget” klubundan ayrılan baş məşqçi Siyasət Əsgərov deyib.

O bildirib ki, Ankara təmsilçisi ilə müqaviləsini qarşılıqlı şəkildə pozmasını komandanın daha uğurlu çıxışına hesablanıb: “Bu klub təcrübə baxımından mənə çox şey öyrədib. Qərarı verməkdə əsas məqsədim onların gələcəkdə daha yüksəklərdə olması səbəbindəndir. Sonda iclasda qərarımı dəyişməyimi gözləsələr də, fikrimdə qəti olduğumu dedim. Komandanın yüksəklərdə olmasında xidmətlərim böyükdür. Buna görə də çox sevinirəm. İlk dəfə “Fomget”ə çempionluq yaşadan, komandanı Çempionlar Liqasına çıxaran, Cümhuriyyətin 100 illiyində Ankaraya kubok gətirən məşqçi mən olmuşam. İndiyə kimi Ankarada heç bir komanda Superkubok qazanmamışdı. Bunu da ilk dəfə mənim rəhbərliyim altında qazandılar. Burda Azərbaycan məşqçisinin əməyi olduğu üçün qürur duyuram”.

Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi də olan Əsgərov artıq bütün diqqətini bu komandaya yönəldəcəyini deyib: “Hələ ki, təkliflər yoxdur. Mənim üçün hər zaman milli komanda önəmlidir. Fasilədən istifadə edib, bir qədər dincəlmək istəyirəm. Bundan sonra ola bilsin ki, bəzi təkliflər gəlsin və bu barədə düşünüm”.
Qeyd edək ki, Siyasət Əsgərovun rəhbərliyi altında qadınlardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında C divizionundan B-yə yüksəlib.

Emin Ağa
İdman.biz

Məqalədə: