“Milan”ın baş məşqçisi Massimiliano Alleqri 2026-cı il Olimpiya məşəli estafetinin iştirakçıları siyahısına daxil edilib.
İdman.Biz bildirir ki, İtaliya klubu bu barədə sosial mediada məlumat verib.
“Massimiliano Alleqriyə 2026-cı il Milan və Kortina d'Ampezzo Oyunlarından əvvəl Olimpiya məşəlini daşımaq şərəfi veriləcək. Təbrik edirik!”, - deyə “rossoneri”nin açıqlamasında bildirilir.
Alleqri 2010-cu ildən 2014-cü ilə qədər də “Milan”ı çalışdırıb. Onun karyerasına “Yuventus”, “Kalyari”, “Sassuolo” və bir neçə başqa klub da daxildir. O, altı Seriya A titulunu, üç İtaliya Superkubokunu və beş İtaliya Kubokunu qazanıb.
2026-cı il Qış Olimpiya Oyunları 6-22 fevral tarixlərində keçiriləcək.
