Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində dördüncü oyununa çıxıb. C Liqasının üçüncü qrupunda yer alan yığmamız doğma meydanda Andorra seçməsini qəbul edib.
İdman.Biz xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində 12-ci dəqiqədə Yeliz Açar hesabı açıb, 64-cü dəqiqədə isə Esra Manya fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.
Qrupun digər matçında Macarıstan yığması öz meydanında Şimali Makedoniyanı darmadağın edib - 7:0. Bu nəticələrdən sonra Macarıstan 10 xalla qrup liderliyini davam etdirir. Azərbaycan millisi isə 9 xalla ikinci pillədə qərarlaşıb. Şimali Makedoniyanın üç, Andorranın isə cəmi bir xalı var.
Azərbaycan millisi növbəti oyununu iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qrupun lideri Macarıstana qarşı keçirəcək.
11:01
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü matçını keçirəcək.
İdman.Biz xəbər verir ki, C Liqasının üçüncü qrupunda yer alan komanda Andorra yığması ilə qarşılaşacaq.
Bakıdakı “Bank Respublika Arena”da təşkil olunacaq görüş saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi hazırda altı xalla qrupda ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın yeddi, üçüncü sıradakı Şimali Makedoniyanın üç, dördüncü yerdəki Andorranın bir xalı var.
