Qadın voleybolçuların Yüksək Liqasının qalibləri mükafatlandırılıb - YENİLƏNİB + FOTO/VİDEO

19 Aprel 2026 21:52
1 598
Qadın voleybolçuların Yüksək Liqasının qalibləri mükafatlandırılıb - YENİLƏNİB + FOTO/VİDEO

Aprelin 19-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qadın voleybolçuların Yüksək Liqasının mükafatlandırma mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov iştirak ediblər.

İdman.Biz xəbər verir ki, mərasimdə çıxış edən Şahin Bağırov komandalara göstərdikləri əzmkarlığa görə təşəkkür edib. O, ölkədə voleybola göstərilən diqqət sayəsində yeni idmançıların yetişdiyini və klubların sayının artdığını vurğulayaraq qalibləri təbrik edib.

Rəsmi hissədən sonra müxtəlif nominasiyalar üzrə fərqlənən oyunçulara mükafatlar təqdim olunub, mövsümün rəmzi komandasında yer alan voleybolçular təltif ediliblər.

Yüksək Liqanın nəticələrinə əsasən, ilk üç pillədə qərarlaşan komandalar mükafatlandırılıb:

“Turan” – qızıl medal və çempionluq kuboku;

“DH Volley” – gümüş medal;

“Gəncə” – bürünc medal.

Mərasimin sonunda qalib komandanın üzvləri çempionluq kubokunu başları üzərinə qaldıraraq mövsümün uğurunu qeyd ediblər.

18:29

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi "Turan" komandası oldu.

İdman.Biz xəbər verir ki, Tovuz təmsilçisi qızıl medal uğrunda görüşdə "DH Volley" komandası ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Turan"ın 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının bürünc medalçısı "Gəncə" komandası olub.

15:00

Qadın voleybolçulardan ibarət "Gəncə" komandası Azərbaycan Yüksək Liqasının bürünc medalçısı olub.

İdman.Biz xəbər verir ki, bu nəticə üçüncü yer uğrunda "Milli Aviasiya Akademiyası" ilə keçirilən qarşılaşmada əldə olunub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Gəncə"nin 3:0 (25:18, 25:21, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün qızıl medal uğrunda keçiriləcək finalda "Turan" və "DH Volley" komandaları üz-üzə gələcəklər. Görüş saat 16:00-da başlayacaq.

12:01

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün mövsümün həlledici qarşılaşmaları baş tutacaq.

İdman.Biz xəbər verir ki, günün proqramına üçüncü yer uğrunda oyun və final daxildir.

Saat 13:00-da bürünc medallar uğrunda "Milli Aviasiya Akademiyası" "Gəncə" ilə qarşılaşacaq.

Mövsümün əsas oyunu isə saat 16:00-da keçiriləcək. Finalda "Turan" və "DH Volley" komandaları üz-üzə gələcəklər.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

İdman.Biz