Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Yüksək Liqanın mükafatları uğrunda oyunlar keçirilib. İlk olaraq üçüncülük qarşılaşmasında “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Bu matçda “Neftçi” komandası 3:0 hesabı ilə qalib gələrək Yüksək Liqanın bürünc medallarını qazanıb.
İdman.Biz xəbər verir ki,Ardınca baş tutan final oyununda “Xilasedici” və “ORDU” komandaları üz-üzə gəliblər. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Xilasedici” çempion adını qazanıb.
Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında maraqlı və gərgin final oyunu izlənildiyini bildirib Avrokuboklara vəsiqə qazanan komandalara beynəlxalq arenada uğurlar arzulayıb.
Daha sonra AVF-nin vitse-prezidenti Faiq Qarayev, Bəhruz Quliyev və baş katib Faiq Orucov çempionatda fərqlənən voleybolçulara “Ən yaxşı oyunçu” mükafatlarını təqdim ediblər. Ardından qaliblərə kubok və medallar verilib. Çempiona kuboku Çingiz Hüseynzadə və AVF-nin prezidenti Şahin Bağırov təqdim ediblər. Medalları isə Azərbaycan Respublikasının maliyyə nazirinin müavini Natiq Həsənov, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov təqdim ediblər.
Beləliklə, kişi voleybolçuların Yüksək Liqasının qalibi “Xilasedici” komandasına qızıl medal və kubok, “ORDU”ya gümüş, “Neftçi”yə isə bürünc medallar təqdim olunub.
Oyunların nəticələri:
18 aprel
Yüksək Liqa (kişilər)
Final
“Xilasedici” - “ORDU” 3:1 (24:26, 25:16, 27:25, 25:21)
Üçüncü yer uğrunda oyun
“Neftçi” - “Murov Az Terminal” 3:0 (25:17, 25:17, 25:13)
Qeyd edək ki, sabah qadın voleybolçuların Yüksək Liqasında mükafatlar uğrunda oyunlar keçiriləcək.
19:25
Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub. Final qarşılaşmasında “Xilasedici” və “Ordu” komandaları üz-üzə gəliblər.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan həlledici oyun “Xilasedici”nin üstünlüyü ilə keçib. Rəqibini 3:1 hesabı ilə məğlub edən komanda Azərbaycan çempionu adını qazanıb.
Xatırladaq ki, çempionatın bürünc medalları uğrunda keçirilən görüşdə “Neftçi” “Murov Az Terminal” kollektivi ilə qarşılaşıb. Həmin matçda 3:0 hesabı ilə qalib gələn “Neftçi” mövsümü üçüncü pillədə başa vurub.
14:28
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yerin sahibi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bürünc medal uğrunda görüşdə “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gəlib.
Beləliklə, “ağ-qaralar” ölkə çempionatında bürünc mükafata sahib çıxıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma “Neftçi”nin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:17, 25:13).
Saat 16:00-da final qarşılaşması baş tutacaq. “Xilasedici” və “Ordu” münasibətlərə aydınlıq gətirəcəklər.
11:39
Bu gün kişi voleybolçular arasında Yüksək Liqada mövsümün son - həlledici oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, əvvəlcə üçüncü yer uğrunda görüş baş tutacaq.
Saat 13:00-da “Neftçi” ilə “Murov Az Terminal” qarşılaşacaq.
Günün əsas qarşılaşması isə final olacaq.
Saat 16:00-da “Xilasedici” ilə “Ordu” komandaları çempionluq uğrunda üz-üzə gələcək.
Qeyd edək ki, hər iki oyundan sonra qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.
Yarışlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
