Qadın voleybolçulardan ibarət "Gəncə" klubunun baş məşqçisi Rafael Petri komandanın uğuru və gələcək hədəfləri barədə fikirlərini bölüşüb.
İdman.Biz Report-a istinadən xəbər verir ki, mütəxəssis üçüncü yer uğrunda "Milli Aviasiya Akademiyası" ilə keçirilən oyun barədə danışaraq qələbənin əhəmiyyətini vurğulayıb: "Bizi çox çətin oyunun gözlədiyini bilirdik. Bu qarşılaşmanın əhəmiyyətini dərk edərək meydana çıxmışdıq. Hazırda bu medalı qazandığımız üçün çox şadıq və bunu qeyd edirik".
Petri komandanın Avropa arenalarında çıxış etmək istədiyini də bildirib: "İndi yalnız qələbəni bayram etmək istəyirik. Arzulayırıq ki, növbəti mövsümdə hansısa səviyyədə Avropa kuboklarında mübarizə aparaq. Gəncəni və Azərbaycanı beynəlxalq arenada təmsil etməkdən çox xoşbəxt olarıq. Lakin bu məsələlərə gələn həftədən sonra baxacağıq. Hazırda isə sadəcə bu uğura sevinirik".
Qeyd edək ki, "Gəncə" bürünc medal uğrunda oyunda "Milli Aviasiya Akademiyası"nı 3:0 hesabı ilə məğlub edib.
