“DH Volley” (“Demirören Holdinq”) komandası gənclər arasında idmana marağın artırılması və sağlam nəslin yetişdirilməsi məqsədilə Bakıda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində növbəti sosialyönümlü layihəsini reallaşdırıb. Layihə çərçivəsində məktəbin həyətində müasir standartlara cavab verən açıq voleybol meydançası istifadəyə verilib.
İdman.Biz xəbər verir ki, yeni meydança yumşaq örtük, tor, dirəklər və zəruri idman avadanlıqları ilə tam təchiz olunub. Şagirdlərin oyunları rahat izləyə bilməsi üçün tribunalar qurulub və oturacaqlar yerləşdirilib. Eyni zamanda, şagirdlərin voleybola aktiv cəlb olunmasını təşviq etmək məqsədilə onlara voleybol topları və idman formaları hədiyyə edilib.
Şagirdlərin peşəkar yarış mühitini hiss etmələri üçün onların oyun məkanlarına xüsusi nəqliyyat vasitələri ilə daşınması da təşkil olunur. Bu təşəbbüs uşaqların komanda ruhunu və motivasiyasını gücləndirməklə yanaşı, onların sosial bacarıqlarının inkişafına da töhfə verir.
“DH Volley” komandasının rəhbərliyi bildirib ki, idmanla məşğul olan gənclərin cəmiyyətin inkişafında mühüm rol oynayacağı və bu cür layihələrin gələcəkdə digər təhsil müəssisələrini də əhatə edəcəyi planlaşdırılır.
