“Finalda qarşılaşacağımız “Ordu”nu mövsüm ərzində üç dəfə məğlub etmişik”.
Bu sözləri kişi voleybolçuların Yüksək Liqasının finalında “Ordu” ilə üz-üzə gələcək “Xilasedici” klubunun meneceri Onat Kurt deyib.
O, finalda da komandasını üstün hesab etdiyini bildirib.
“Düzdür, finalda favorit olmur. Lakin mövsüm ərzindəki oyunumuz və hazırkı heyətimiz bizim çempionluğa daha yaxın olduğumuzu göstərir. Əlbəttə ki, rahat olmamalı, sonadək mübarizə aparmalıyıq”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.
Funksioner növbəti mövsüm üçün heyətdə nəzərəçarpacaq dəyişikliklər etmək istəmədiklərini söyləyib:
“İndiki heyətdən razıyıq. Bəlkə bir və ya iki transfer ola bilər. Bununla bağlı rəhbərliklə danışıqlarımız olacaq. Hazırda bütün diqqətimizi “Ordu” ilə görüşə yönəltmişik”.
Qeyd edək ki, final qarşılaşması aprelin 18-i saat 16:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
