Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib.
Günün ikinci oyununda “Neftçi” və “Ordu” münasibətlərə aydınlıq gətiriblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma “Ordu”nun 3:2 hesablı üstünlüyü ilə bitib və komanda finala adlayıb.
İlk matçda “Ordu” 3:0 hesabı ilə qalib gəlmişdi.
Beləliklə, “Ordu” finalda “Xilasedici” ilə qarşılaşacaq.
19:37
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçirilir.
İdman.Biz xəbər verir ki, günün ilk matçında “Xilasedici” komandası “Murov Az Terminal”la qarşılaşıb.
Görüş 3:0 hesabı ilə “Xilasedici”nin qələbəsi ilə bitib. İlk qarşılaşmada da qələbə qazanmış “Xilasedici” finala vəsiqə qazanıb.
10:08
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, günün ilk matçında “Xilasedici” komandası “Murov Az Terminal”la qarşılaşacaq.
Görüş saat 16:00-da start götürəcək.
Daha sonra isə “Neftçi” ilə “Ordu” komandaları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 18:00-da başlayacaq.
Oyunlar Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq. “Xilasedici” və “Ordu” ilk matçda 3:0 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. İki qarşılaşmanın nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün “qızıl set” oynanılacaq. Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.
