Voleybol məşqçilərinə beynəlxalq sertifikat verilib

29 May 2026 23:06
123
Voleybol məşqçilərinə beynəlxalq sertifikat verilib

Bakıda Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-2 məşqçi seminarında birinci qrup üzrə təlimlər başa çatıb.

İdman.Biz bildirir ki, mayın 25-dən 29-dək GİN-in Voleybol Mərkəzində baş tutan seminarın birinci qrupunda 27 nəfər iştirak edib.

Seminara Bakı və bölgələrdən olan mütəxəssislərlə yanaşı, Türkiyə, Avstraliya, Kipr, İran, Hindistan, Ukrayna, İsrail və Belarusdan iştirakçılar da qatılıblar.

Nəzəri və praktiki məşğələlərdən ibarət olan seminara FIVB-nin məşqçi-instruktoru professor Cengiz Akarçeşme rəhbərlik edib.

Praktiki yoxlamada lazımi balı toplayanlar nəzəri imtahanda iştirak hüququ qazanıblar və burada yüksək nəticə göstərən 26 nəfərə FIVB-nin Level-2 beynəlxalq sertifikatı, bir nəfərə isə seminarın iştirakçı sertifikatı verilib.
Qeyd edək ki, ikinci qrup üzrə seminar 1-5 iyun tarixlərində keçiriləcək.

İdman.Biz