Gənc voleybolçular üçün Şəki düşərgəsi başa çatdı - FOTO

24 May 2026 17:19
132
Gənc voleybolçular üçün Şəki düşərgəsi başa çatdı - FOTO

Voleybol üzrə aşağı yaş qruplarında oğlanlardan ibarət milli komandaların formalaşdırılması məqsədilə təşkil olunan təlim-məşq düşərgəsinin növbəti mərhələsi başa çatıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkil etdiyi hazırlıq prosesi 18-24 may tarixlərində Şəki OİK-də keçirilib.

Düşərgə mayın 4-də Abşeron OİK-də start götürüb. Növbəti mərhələdə ölkə üzrə aparılan seleksiya nəticəsində seçilən 2010, 2011 və 2012-ci il təvəllüdlü idmançılar məşqlərə cəlb olunublar.

Yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyyed Abbasinin rəhbərliyi altında keçirilən toplanış 14 yaşadək oğlan voleybolçular üçün nəzərdə tutulub. Hazırlıq prosesi iki qrup üzrə aparılıb. 2010–2011-ci il təvəllüdlü idmançılar və 2012-ci il təvəllüdlü voleybolçular ayrı-ayrı qruplarda məşq ediblər.

Ümumilikdə 25 idmançının iştirak etdiyi toplanışda voleybolçuların fiziki, texniki və taktiki hazırlığının artırılması istiqamətində məşqlər təşkil olunub.

Şəki OİK-də keçirilən mərhələ uğurla tamamlanıb. Düşərgənin iyuna qədər Abşeron OİK-də davam etdirilməsi nəzərdə tutulur.

Toplanış müddətində özünü fərqləndirən idmançıların müvafiq yaş qrupları üzrə milli komandalara cəlb olunması planlaşdırılır.

İdman.Biz