Gökhan Edman Azərbaycanda yeni voleybolçu nəslini formalaşdırmaq istəyir

19 Noyabr 2026 14:37
39
Gökhan Edman Azərbaycanda yeni voleybolçu nəslini formalaşdırmaq istəyir

“16 yaşadək qızlardan ibarət Azərbaycan voleybol millisinin Avropa çempionatının birinci təsnifat mərhələsindəki (EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) hədəfi növbəti raunda yüksəlməkdir”.

Bunu yığmanın baş məşqçisi Gökhan Edman deyib.

Türkiyəli mütəxəssis Estoniyada keçiriləcək turnirin bütün qarşılaşmalarında sonadək mübarizə aparacaqlarını bildirib.

“Avropa çempionatının ilk təsnifat mərhələsində qrupda Estoniya, Ukrayna və Litva ilə qarşılaşacağıq. Məqsədimiz start fitindən oyunun sonunadək bütün matçlarda, hər bir epizodda sona kimi mübarizə aparmaqdır. Bunun üçün hamımızda, xüsusilə də qızlarımızda böyük əzmkarlıq var. Bu amilləri birləşdirərək çox yaxşı çıxış edəcəyimizə inanıram. Niyyətimiz yaxşı nəticə göstərib ilk 3-4 pillədə qərarlaşmaq və ikinci təsnifat mərhələsinə vəsiqə qazanmaqdır. Ümid edirəm ki, arzuladığımız oyunu meydançada nümayiş etdirəcəyik”, - deyə o report.az-a açıqlamasında söyləyib.

O, yarış başa çatdıqdan sonra ölkə üzrə geniş seçim və inkişaf toplanışları təşkil edəcəklərini vurğulayıb:

“Bu turnirdən qayıtdıqdan sonra gələnilki U-16 qızlar yığmamızın seçimlərini aparmaq üçün Azərbaycanda voleybol məşqləri keçirilən bütün şəhər və mərkəzləri gəzməyə başlayacağıq. Ardıcıllıqla bir ay ərzində bir hissəsini, yanvarda isə qalanını yekunlaşdırmaq istəyirik. Həm 2014-2015-ci il təvəllüdlü növbəti U-16 komandasının heyətini, həm də 2016-2017-ci il təvəllüdlü daha kiçikyaşlı qızlarımızı seçmək və onlarla məşqlərə başlamaq niyyətindəyik. Mümkün qədər ucaboy, voleybola uyğun, sıçrayış qabiliyyəti, fiziki və zehni hazırlığı yüksək olan yeniyetmələri heyətə cəlb etmək istəyirik. Bunun üçün bütün şəhərlərdəki, rayonlardakı və qəsəbələrdəki voleybol məşqçilərimiz böyük səy göstərdilər, bizə siyahılar göndərdilər, hazırlıq işləri gördülər. Bunun bəhrəsini görəcəyimizi düşünürəm. Seçimlərdən sonra məktəblərin tətilə çıxdığı yanvarın sonundan başlayaraq, martda və tədris ilinin başa çatdığı iyundan sonra inkişaf, eləcə də növbəti U-16 qızlar yığmasının hazırlıq toplanışlarını keçirmək üçün yenidən Azərbaycanın müxtəlif şəhər və rayonlarında bir araya gəlmək istəyirik”.

Qeyd edək ki, Estoniyanın Kyariku şəhərində təşkil olunan Avropa çempionatının 1-ci təsnifat mərhələsində B qrupunda yer alan Azərbaycan millisi təşkilatçı ölkənin komandası ilə yanaşı, Litva və Ukrayna kollektivlərinə qarşı mübarizə aparacaq. Yığma ilk oyununu bu gün saat 21:00-da Estoniyaya qarşı keçirəcək. G.Edmanın rəhbərlik etdiyi kollektiv noyabrın 20-də saat 18:00-da Ukrayna, ertəsi gün saat 21:00-da isə Litva seçməsi ilə üz-üzə gələcək.

İdman.Biz