U-16 oğlan voleybol millimizin baş məşqçisi hədəflərindən danışıb

19 Noyabr 2026 16:54
34
U-16 oğlan voleybol millimizin baş məşqçisi hədəflərindən danışıb

“16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının birinci təsnifat mərhələsindəki rəqibləri güclü olsa da, kollektiv ümidsiz deyil”.

Bunu yığmanın baş məşqçisi Cahangir Seyyed Abbasi deyib.

Mütəxəssis yığmanın 3 ay əvvəl formalaşdırılmasına baxmayaraq, komandada yüksək mübarizə ruhunun olduğunu bildirib.

“İlk növbədə bütün Azərbaycan xalqını, xüsusilə də voleybolsevərləri salamlayıram. Bu heyət bir qədər gec formalaşıb. Çünki ölkəmizdə uşaqlar voleybola gec yaşlarında başlayırlar. Komandanı 3 ay əvvəl yığmışıq. Buna baxmayaraq, oyunçularda yüksək kollektiv və mübarizə ruhu yarada bilmişik. Bundan başqa, yeniyetmələr texniki, taktiki və komanda oyunu baxımından da yaxşı vəziyyətdədirlər. Düzdür, rəqiblərimiz güclüdür, onlar voleybol ölkələridir. Amma heç də ümidsiz deyilik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq və buna nail olacağımıza, gözlədiyimiz nəticəni qazanacağımıza inanırıq”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, Latviyanın paytaxtı Riqada təşkil olunan Avropa çempionatının birinci təsnifat mərhələsinin B qrupunda yer alan Azərbaycan millisi meydan sahibləri və Finlandiya kollektivləri ilə qarşılaşacaq. Yığma ilk oyununu bu gün saat 20:00-da Latviya seçməsinə qarşı keçirəcək.

İdman.Biz