Bakıda voleybol üzrə beynəlxalq məşqçi seminarına start verildi - FOTO

25 May 2026 13:34
199
Bakıda voleybol üzrə beynəlxalq məşqçi seminarına start verildi

Bakıda Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə voleybol məşqçiləri üçün beynəlxalq seminar keçirilir.

İdman.Biz AVF-yə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan "FIVB Level-2" kursuna bu gün start verilib.

İyunun 5-dək davam edəcək təlim proqramında 65 nəfər iştirak edir. Kurs iki qrup şəklində təşkil olunub. Birinci qrup üzrə məşğələlər 25-29 mayda, ikinci qrup üzrə isə 1-5 iyunda keçiriləcək.

Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, Kipr, İran, Hindistan, Ukrayna, İsrail və Belarusdan olan məşqçi və mütəxəssislər iştirak edirlər. Seminarın rəhbəri FIVB məşqçi-instruktoru, professor Cengiz Akarçeşme, onun köməkçisi isə AVF-nin nümayəndəsi Nərgiz İsmayılovadır.

Kurs nəzəri və praktiki hissələrdən ibarətdir. Seminar çərçivəsində iştirakçılara müasir məşq metodikaları, oyun sistemləri, texniki-taktiki hazırlıq və məşq prosesinin düzgün təşkili kimi mövzular tədris olunacaq. Sonda təşkil olunacaq imtahandan uğurla keçən mütəxəssislər "Level-2" sertifikatına layiq görüləcəklər.

İdman.Biz