Voleybol millimizin liberosu Avropa Liqasındakı rəqibləri dəyərləndirib

22 May 2026 17:23
100
Voleybol millimizin liberosu Avropa Liqasındakı rəqibləri dəyərləndirib

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin liberosu Nihad Qasımov Avropa Liqasına hazırlıq prosesi və qarşıdakı rəqiblərlə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, yığmamız Bakıda başladığı təlim-məşq toplanışını Belarusda davam etdirir. Komanda burada məşqlərlə yanaşı, bir neçə yoxlama oyunu da keçirəcək.

Nihad Qasımov Türkiyədə də yoxlama oyunları keçirəcəklərini deyib. O, Avropa Liqasında rəqiblərin kifayət qədər güclü olduğunu, ilk olaraq güclü heyətə malik İsveç və Yunanıstan milliləri ilə görüşəcəklərini deyib:

“İkinci turda Rumıniyada rəqiblərimiz meydan sahibi və İspaniya olacaq. Xüsusilə İspaniya millisi təcrübəli oyunçulardan ibarətdir, onların arasında İtaliya çempionatında çıxış edən oyunçular da var.

Daha sonra isə Bakıda Macarıstan və Portuqaliya ilə qarşılaşacağıq. Bakıda oynamaq hər zaman gözəldir, doğma meydanda, öz azarkeşlərimizlə birlikdə. Biz keçən il də Macarıstan ilə Bakıda qarşılaşmışdıq və kifayət qədər maraqlı oyun olmuşdu. Bu il də yaxşı oyun göstərib bacardığımız qədər uğurlu nəticə əldə etməyə çalışacağıq”.

Millimizin liberosu komandadakı ab-havanın yaxşı olduğunu da bildirib:

“Komandada ab-hava yaxşıdır, bu il heyətdə daha gənc oyunçularımız var. Onlar ölkə çempionatında yaxşı təsir bağışlamışdılar, məşqlərdə də özlərini yaxşı tərəfdən göstərirlər. Məncə, bu cür dinamik və enerjili oyunçularla eyni meydanda olmaq komandaya çox yaxşı təsir edəcək. Beynəlxalq yarışlarda iştirak bizə böyük təcrübə qazandırır. Komandamıza uğurlar arzulayıram. Ümid edirəm azarkeşləri yaxşı oyun və nəticələrlə sevindirə biləcəyik”.

İdman.Biz