Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Boris Qrebennikov Avropa Liqasına hazırlıq prosesi barədə danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandanın hazırlığının plan üzrə davam etdiyini bildirib.
“Hazırlıq prosesinə mayın 4-də start vermişik. Təlim-məşq toplanışına ümumilikdə 17 idmançı cəlb olunub. Onlardan dördü 17 yaşlı gənc voleybolçudur. Xüsusilə qeyd etmək istərdim ki, həmin oyunçular böyük potensiala malikdirlər və gələcək üçün ümidverici təsir bağışlayırlar”, - deyə Qrebennikov söyləyib.
Baş məşqçi bildirib ki, hazırlığın birinci mərhələsi Bakıda keçiriləcək. İlk olaraq əsas diqqət fiziki hazırlığa yönəldilib, daha sonra topla və taktiki məşqlərə başlanılıb:
“Hazırlıq prosesi plan üzrə davam edir. Proqrama uyğun olaraq mayın 22-də hazırlığın növbəti mərhələsi üçün Belarusa yollanacağıq. Orada təlim-məşq toplanışı ilə yanaşı, bir neçə yoxlama oyunu da keçirəcəyik. Bu görüşlər komandanın hazırkı durumunu qiymətləndirmək baxımından olduqca vacibdir.
Avropa Liqasına isə iyunun 6-da İsveçdə start verəcəyik. İlk mərhələdə rəqiblərimiz İsveç və Yunanıstan milliləri olacaq. Məqsədimiz yaxşı oyun nümayiş etdirmək, komanda olaraq daha da formalaşmaq və turnirə uğurlu nəticələrlə başlamaqdır”.
