Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov “Champions League Final Four Men 2026” turnirində CEV nümayəndəsi kimi iştirak edir.
İdman.Biz xəbər verir ki, İtaliyanın Turin şəhərində təşkil olunan nüfuzlu yarış çərçivəsində CEV İdarə Heyətinin növbəti iclası da keçirilib. Toplantıya CEV prezidenti Roko Sikiriç sədrlik edib.
İclasda Avropa voleybolunun inkişaf perspektivləri, beynəlxalq yarışların təşkili, klublararası turnirlərin idarə olunması, hakimlik sistemi, marketinq fəaliyyəti, kommersiya əməkdaşlıqları və qarşıdakı mövsümlə bağlı təşkilati məsələlər müzakirə edilib.
Bununla yanaşı, CEV-in gələcək fəaliyyət istiqamətləri və Avropa voleybolunun daha da inkişaf etdirilməsi üçün həyata keçiriləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “CEV Champions League Final Four Men” Avropanın ən nüfuzlu klublararası voleybol turnirlərindən biridir. Final mərhələsində Polşanın “PGE Projekt Warszawa” və “Aluron CMC Warta Zawiercie”, İtaliyanın “Sir Sicoma Monini Perugia”, eləcə də Türkiyənin “Ziraat Bankkart Ankara” voleybol komandaları çempionluq uğrunda mübarizə aparırlar.
