Yunanıstandakı karyera mərhələsi Azərbaycan millisinin voleybolçusu Polina Rahimova üçün başa çatıb.
İdman.Biz-ə müsahibəsində voleybolçu "Panionios"dakı çıxışını dəyərləndirib, Azərbaycan millisinin heyətində evdə keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb və bu oyunların onun üçün son ola biləcəyini istisna etməyib.
Hücumçu etiraf edib ki, "Panionios" üçün mövsüm kifayət qədər gözlənilməz başa çatıb. Komanda Superkubok və Yunanıstan Kubokunu qazandıqdan sonra müntəzəm çempionatda üçüncü yeri tutsa da, pley-offun ilk mərhələsində AEK-ə uduzub.
"İlk oyunu qazandıq, sonra isə ikinci və üçüncü görüşlərdə məğlub olduq. Həlledici qarşılaşmada çoxlu səhvlər etdik, xüsusilə dördüncü setdə ötürmələr zamanı. Yekun uğursuzluq klub üçün böyük məyusluq oldu. Bununla belə, mövsüm kifayət qədər yaxşı alındı, iki titul qazandıq", – deyə P.Rəhimova vurğulayıb.
Voleybolçunun fikrincə, bir sıra təşkilati problemlər "Panionios"un daha uğurlu çıxış etməsinə mane olub.
"Mövsümün ortasında baş məşqçi dəyişdi, heyətdə rotasiya getdi. Vacib oyunlardan biri öncəsi yeni bağlayıcı meydana buraxıldı, komanda kimyası kifayət qədər deyildi, bəzi oyunçular isə başqa klublara keçdi. Şəxsən mənə gəlincə, demək olar ki, bütün oyunlarda sonadək meydanda oldum. Yaddaşımda ilk dəfədir ki, mövqeyimdə hətta əvəzedici də yox idi, buna görə bütün çempionat boyu əsas heyətdə çıxış etdim. Nəticəlilik baxımından hər şey qaydasında idi, hətta uduzduğumuz matçlarda belə göstəricilərim yüksək oldu. Buna görə özümü qınaya bilmərəm, maksimumumu etdim. Əlbəttə, müəyyən məyusluq qaldı, amma həyat davam edir. İrəli getmək lazımdır", – deyə hücumçu əlavə edib.
P.Rəhimova hazırda final seriyasının davam etdiyi Yunanıstandadır. Daha sonra İstanbula qayıtmağı, ardınca isə milli komandanın heyətində Avropa çempionatına hazırlığa başlamağı planlaşdırır. O, turnirin onun üçün son oyunlar ola biləcəyini də istisna etməyib:
“Hər şey yaxşı alınsa, Avropa çempionatında oynamağı planlaşdırıram. Bundan sonra necə olacağını zaman göstərəcək. Bəlkə də, bu, karyeramdakı son oyunlar olacaq. Bununla da hər şey yekunlaşa bilər. Yaxud yaxşı təklif olsa, daha bir mövsüm davam edərəm. Sonra isə tam vidalaşma olacaq. Çünki ailə və şəxsi planlar barədə də düşünmək lazımdır”, – deyə P.Rəhimova yekunlaşdırıb.
