Viktor Boldaryev: “Qarşımıza çempionluq və ya mükafatçılar sırasına düşmək hədəfi qoyulmuşdu”

17 Aprel 2026 17:15
194
Viktor Boldaryev: “Qarşımıza çempionluq və ya mükafatçılar sırasına düşmək hədəfi qoyulmuşdu”

“Mövsümün əvvəlində “Neftçi”nin kişilərdən ibarət voleybol komandasının qarşısına çempionluq və ya mükafatçılar sırasına düşmək hədəfi qoyulub”.

Bunu komandanın baş məşqçisi Viktor Boldaryev deyib.

“Mövsümün əvvəlində rəhbərlik qarşımıza çempionluq və ya mükafatçılar sırasına düşmək hədəfi qoymuşdu. Peşəkar idmançı üçün ən vacib oyun burada və indiki oyundur. Ona görə də qələbə uğrunda mübarizə aparmaq lazımdır. Xüsusi xahiş edirəm ki, klubun fəaliyyətinə və peşəkarlığına görə təşəkkürümü mütləq qeyd edəsiniz. Bu, yaltaqlıq deyil, sadəcə, bizim klubda işə və oyunçulara qarşı həqiqətən çox peşəkar münasibət var”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

O, “Ordu” ilə ilk yarımfinal matçından əvvəl xoşagəlməz hadisə ilə üzləşdiklərini vurğulayıb:

“Birinci oyundan üç gün əvvəl məşq zamanı voleybol tarixində bəlkə də görünməmiş bədbəxt və faciəvi hadisə baş verdi. Eyni anda hər iki toppaylayıcımızı səhhətlərinə görə itirdik. Bu, həm oyunçular, həm məşqçilər heyəti, həm də rəhbərlik üçün çox böyük stress idi. Klub rəhbərliyinə göstərdikləri reaksiyaya görə təşəkkür etmək və heyranlığımı bildirmək istəyirəm. Onlar oyunçulara dəstək üçün həm tibbi, həm də mənəvi baxımdan mümkün olan hər şeyi etdilər. Diaqnozları açıqlamayacağam, amma inanın ki, çox ağır bir hadisə yaşandı. Bu səbəbdən komandanı psixoloji cəhətdən bərpa etmək mənim üçün tək oyunlardan sonra deyil, artıq uzun müddətdir davam edən çətin bir prosesdir. Çox çətindir, amma oyunçuların peşəkarlığına ümid edirik. İkinci matçda sona qədər vuruşduqları üçün onlara sağ ol deyirəm”.

V.Boldaryev bürünc medal uğrunda oyundan öncə taktiki məqamlardan danışmağın yerinə düşmədiyini vurğulayıb:

“Hazırkı psixoloji vəziyyətimizi və heyətlə bağlı problemləri nəzərə alsaq, taktikadan danışmaq beşinci-altıncı plana keçir. Əsas odur ki, oyunçular sıraya dönsünlər. Ən vacib olan idmançıların sağlamlığıdır. Təəssüf ki, reallıq budur. Rəqib “Murov Az Terminal” komandasına gəldikdə isə, onlar barədə mən yox, öz təmsilçiləri danışsa, daha yaxşı olar”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Yüksək Liqasının bürünc medalları uğrunda aprelin 18-də “Murov Az Terminal”la üz-üzə gələcək.

İdman.Biz