Rövşən Qasımov: “Bizə olan ümidləri doğrultmağa çalışdıq”

18 Aprel 2026 21:18
147
Rövşən Qasımov: “Bizə olan ümidləri doğrultmağa çalışdıq”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Rövşən Qasımov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə keçirilən görüşdən sonra fikirlərini bölüşüb. Bakıda baş tutan və yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra keçirilən mətbuat konfransında o, komandanın çıxışından razılığını ifadə edib.

İdman.Biz xəbər verir ki, məşqçi ilk növbədə tribunadakı ab-havanı yüksək qiymətləndirib.

“Çox gözəl atmosfer var idi. Bizə olan ümidləri doğrultmağa çalışdıq. İnanıram ki, azarkeşlər oyundan zövq aldılar. Komandadan razı qaldıq, qızlar bütün tapşırıqları yerinə yetirdilər”, - deyə Qasımov söyləyib.

Rövşən Qasımov qarşıda duran hədəflər barədə də danışaraq, komandanın növbəti sınaqlara hazırlaşacağını bildirib. O, iyunda keçiriləcək oyunların həlledici olacağını vurğulayıb:

“Qarşıda bizi çox vacib matçlar gözləyir. İyunda Macarıstan və Şimali Makedoniya yığmaları ilə qarşılaşacağıq. Bundan sonra tam olaraq həmin görüşlərə köklənəcəyik”.

İdman.Biz