Misli Premyer Liqasının 28-ci turunda öz meydanında “Karvan-Yevlax”a məğlub olan “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov oyunsonu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İdman.Biz xəbər verir ki, baş məşqçi məğlubiyyətə baxmayaraq, futbolçularının sona qədər mübarizə apardıqlarını bildirib.
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, “Karvan-Yevlax” son matçlara final kimi baxır. Oyun əlimizdə idi, dominantlıq edirdik, amma qol vura bilmədik. Bir çox oyunlar var ki, bu məqamlarda axsadıq və uduzduq. Bəlkə də futbolçuların ustalığı çatışmadı. Buna baxmayaraq, isti havada 90 dəqiqə vuruşmaq, ruhdan düşməmək yaxşı göstəricidir”, - deyə baş məşqçi söyləyib.
Abbasov komandadakı motivasiya və gələcəyi ilə bağlı sualları da cavablandırıb:
“Hava isti idi, bu da tempə təsir etdi. İkinci hissədə dəyişikliklər etdik, hücumameyilli oyunçular meydana daxil oldu, amma bu da yetərli olmadı. Motivasiya baxımından problemimiz yox idi. Belə olmasaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Sadəcə, gənc futbolçuların epizodlarda bəxti gətirmədi. Əksinə, mövsümün sonu yaxınlaşdığı üçün futbolçular daha məsuliyyətli olmalıdırlar. Müqaviləsi başa çatanlar özlərini göstərmək istəyirlər. İnanmıram ki, mənim ayrılmaqla bağlı açıqlamamın komandaya mənfi təsiri olsun”.
