Superliqa: “Qalatasaray” paytaxtda çempionluq məşəlini yandırdı – YENİLƏNİB + VİDEO

18 Aprel 2026 23:11
1 161
Superliqa: “Qalatasaray” paytaxtda çempionluq məşəlini yandırdı – YENİLƏNİB + VİDEO

Türkiyə Superliqasının 30-cu turu çərçivəsində lider “Qalatasaray” səfərdə “Gənclərbirliyi”nin qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyuna fırtına kimi başlayan “Cim-bom” artıq ikinci dəqiqədə Mauro İkardinin qolu ilə önə keçib. Meydan sahiblərinin cavab cəhdlərinə baxmayaraq, qapıçı Uğurcan Çakır etibarlı oyunu ilə diqqət çəkib. 35-ci dəqiqədə isə Yunus Akgün fərqi iki qata çatdıraraq komandasını rahatladıb. İkinci hissədə Leroy Sanenin vurduğu qol VAR müayinəsindən sonra ofsayd səbəbindən ləğv edilsə də, meydan sahibləri 67-ci dəqiqədə Nianqın qolu ilə ümidləniblər. Yeddi oyundan sonra qol həsrətinə son qoyan paytaxt təmsilçisi qalan dəqiqələrdə tarazlığı bərpa edə bilməyib.

Bu nəticədən sonra xallarını 71-ə çatdıran “Qalatasaray” “Fənərbağça” ilə xal fərqini dördə yüksəldib. “Gənclərbirliyi” isə 25 xalla son sıralarda qalıb. Qeyd edək ki, komandalar aprelin 22-də Türkiyə kubokunun dörddəbir finalında yenidən üz-üzə gələcəklər. Liqanın növbəti turunda isə bütün dünyanın diqqəti “Qalatasaray” - “Fənərbağça” derbisində olacaq.

20:25

Türkiyə Superliqasının 30-cu turu çərçivəsində “Kocaelispor” öz meydanında “Göztepe”ni qəbul edib. Gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matça sürətli başlayan qonaqlar artıq üçüncü dəqiqədə Janderzonun qolu ilə önə keçiblər. Oyunun böyük hissəsini üstünlüklə davam etdirən “Göztepe” son dəqiqələrdə qələbəni əldən verib. Meydan sahibləri 77-ci dəqiqədə Şounun ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alması ilə azlıqda qalsalar da, təslim olmayıblar. Qarşılaşmanın uzatma dəqiqələrində qazanılan penaltini Serdar Dursun 90+8-ci dəqiqədə dəqiq yerinə yetirərək komandasına bir xal qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 48-ə çatdıran “Göztepe” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Qələbə həsrəti beş oyuna çatan “Kocaelispor” isə 36 xala yüksəlib.

Növbəti turda “Kocaelispor” səfərdə “Gənclərbirliyi”nin qonağı olacaq. “Göztepe” isə öz meydanında “Antalyaspor”u sınağa çəkəcək.

18:07

Türkiyə Superliqasının 30-cu turunda autsayderlər qrupunda yer alan “Fatih Karagümrük” və “Eyüpspor” qarşılaşıb. Matçda qonaqlar geridönüş edərək 2:1 hesablı qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən görüşdə hesabı 16-cı dəqiqədə Serjinyo ilə meydan sahibləri açıblar. Lakin “Eyüpspor” birinci hissənin sonlarına yaxın vəziyyəti dəyişməyi bacarıb. 39-cu dəqiqədə Matias Kranevitter topu öz qapısına göndərib, 44-cü dəqiqədə isə Mateuş Leqovski qonaqları önə çıxarıb.

Qarşılaşmanın 78-ci dəqiqəsində “Eyüpspor”un futbolçusu Anıl Yaşar VAR baxışından sonra qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, hesab dəyişməyib.

Bu nəticə ilə altı oyundan sonra qələbə qazanan “Eyüpspor” xallarını 25-ə yüksəldərək liqada qalmaq ümidlərini artırıb. Öz meydanında dörd matçlıq məğlubiyyətsizlik seriyası qırılan “Fatih Karagümrük” isə 20 xalla ağır vəziyyətdə qalıb.

Növbəti turda “Eyüpspor” “Qaziantep”i qəbul edəcək, “Fatih Karagümrük” isə “Beşiktaş”ın qonağı olacaq.

İdman.Biz