Rəhman Daşdəmirov: “Millətlər Liqasında daha yaxşı nəticə verəcəyik”

10 İyun 2026 10:46
118
Rəhman Daşdəmirov: “Millətlər Liqasında daha yaxşı nəticə verəcəyik”

“Onlar bizdən reytinqdə aşağıda olsalar da, yaxşı futbol sərgilədilər”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda San Marino üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşərkən deyib.

O, matçın gərgin keçdiyini vurğulayaraq komandanın oyuna müəyyən təzyiq altında başladığını bildirib:

“Şükür ki, qələbə qazandıq. Oyun başlayandan təlaşda idik. Malta ilə oyundan sonra uduzmaqdan qorxurduq. Həm də təlim-məşq toplanışı ağır keçmişdi, mövsümün sonu idi”.

R.Daşdəmirov rəqib komandanın reytinqdə aşağı pillələrdə qərarlaşmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirdiyini qeyd edib.

Müdafiəçi vurulan qolla bağlı da danışıb:

“Həmin epizodu tam incələmək lazımdır. Mənim fikrimcə, qolu mən vurmuşam, Renatın fikrincə isə o vurub. Bir dəfə də qol vurmağa yaxın oldum, top başıma sürtünüb keçdi”.

Milli komandanın qarşıdakı Millətlər Liqasına hazırlığı barədə danışan futbolçu nikbin olduğunu bildirib:

“Komandanın Millətlər Liqasına hazır olacağına inanırıq. Mənim də ümidim böyükdür. İnşallah, daha yaxşı hazırlaşıb daha yaxşı nəticələr qazanacağıq. Buna inanmaq və meydanda yaxşı oynamaq lazımdır. İnanıram ki, yaxşı da oynayacağıq”.

İdman.Biz