“Qızlarımız möhtəşəm işlər görürlər”.
İdman.Biz xəbər verir ki, bu sözləri qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə AFFA-nın mətbuat xidmətinə danışarkən deyib.
Mütəxəssis futbolçuların sıx oyun qrafikinə baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib:
“Qızlarımız çətin oyundan çıxmış və uzun yol qət etmişdilər. Buna baxmayaraq, onları bərpa edərək matça düzgün kökləyə bildik. Macarıstanla oyunun nəticəsi komandaya psixoloji baxımdan təsir etmişdi. Həmin görüşdə heç-heçə etmək şansımız olsa da, bundan yararlana bilmədik. Bu da futbolçuların əhval-ruhiyyəsinə mənfi təsir göstərmişdi”.
Baş məşqçi Şimali Makedoniya ilə oyunda komandanın tapşırıqları düzgün yerinə yetirdiyini vurğulayıb:
“Bu görüşə yaxşı motivasiya ilə çıxmışdıq. İlk dəqiqələrdən oyuna nəzarət etməyə çalışdıq. Məşqlərdə üzərində işlədiyimiz plana uyğun çıxış etdik və bunun nəticəsini gördük. Təəssüf ki, müdafiədə yol verdiyimiz səhv qapımızda qolla nəticələndi. Buna baxmayaraq, futbolçularımız əzmkarlıq nümayiş etdirdilər və vacib qələbə qazandılar”.
S.Əsgərov son dövrlərdə qadın futbolunun inkişafı istiqamətində müsbət addımların atıldığını qeyd edib:
“İstər bu mövsüm, istərsə də son bir il ərzində qızlarımız həqiqətən möhtəşəm işlər görüblər. Bu oyunda da çox yaxşı çıxış etdilər və sonda layiqli qələbə qazandılar. Təəssüf ki, qrup mərhələsini 12 xalla başa vursaq da, reqlamentə əsasən növbəti mərhələyə yüksələ bilmədik. Bu, bizi məyus edir. Amma bu, yolun sonu deyil”.
O, komandanın gələcəyinə nikbin baxdığını da vurğulayıb: “Bu mövsüm bizə dəyərli təcrübə qazandırdı. Həmçinin heyətə yeni futbolçular cəlb olundu ki, bu da bizim üçün mühüm məqamlardan biridir. İndi diqqətimizi qarşıdakı hədəflərə yönəltməliyik. Millətlər Liqasının püşkatmasından sonra yeni oyunlara hazırlıq prosesinə başlayacağıq”.
