Seriya A: “Atalanta” Romada üstünlüyünü qoruya bilmədi – YENİLƏNİB + VİDEO

19 Aprel 2026 00:55
1 272
Seriya A: “Atalanta” Romada üstünlüyünü qoruya bilmədi – YENİLƏNİB + VİDEO

İtaliya A Seriyasının 33-cü turu çərçivəsində “Olimpiko” stadionunda “Roma” və “Atalanta” komandaları üz-üzə gəliblər. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı qonaqlar açıblar. Oyunun 12-ci dəqiqəsində “Atalanta”nın hücumçusu Nikola Krstoviç dəqiq zərbə ilə komandasını önə çıxarıb. Lakin meydan sahibləri birinci hissənin uzatma dəqiqələrində tarazlığı bərpa etməyi bacarıblar. 45+1-ci dəqiqədə müdafiəçi Mario Ermoso rəqib qapısına yol taparaq matçın yekun hesabını müəyyənləşdirib.

Bu nəticədən sonra xallarının sayını 58-ə çatdıran “Roma” turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Aktivində 54 xal olan “Atalanta” isə yeddinci sırada yer alıb.

22:19

İtaliya A Seriyasının 33-cü turu çərçivəsində keçirilən qarşılaşmada “Napoli” doğma meydanda “Latsio”nu qəbul edib. Neapolda baş tutan oyun meydan sahibləri üçün uğursuz yekunlaşıb - 0:2.

İdman.Biz xəbər verir ki, matçın ilk hissəsində qonaqlar hesabı açmaq üçün əla şans əldə etsələr də, “Latsio”nun kapitanı Mattia Dzakkanyi penaltini dəqiq yerinə yetirə bilməyib. Lakin buna baxmayaraq, paytaxt təmsilçisi qələbə toplarını vurmağı bacarıb. Toma Başiç və Matteo Kançelyeri dəqiq zərbələrlə komandalarına üç xal qazandırıblar. Kançelyeri vurduğu qolla yanaşı, bir məhsuldar ötürmə ilə də yadda qalıb.

Bu qələbə sayəsində xallarının sayını 47-yə çatdıran “Latsio” turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb. Aktivində 66 xal olan “Napoli” isə məğlubiyyətə baxmayaraq, ikinci sıradakı mövqeyini qoruyub.

19:15

İtaliya A Seriyasının 33-cü turu çərçivəsində keçirilən görüşdə “Parma” səfərdə “Udineze”nin qonağı olub. Gərgin keçən qarşılaşmada minimal hesabla qalib gələn qonaqlar mühüm qələbəyə seviniblər - 1:0.

İdman.Biz xəbər verir ki, matçın taleyini həll edən yeganə qol ikinci hissənin əvvəlində vurulub. Oyunun 51-ci dəqiqəsində Nesta Elfege dəqiq zərbə ilə “Parma”nı önə çıxarıb. Qalan dəqiqələrdə meydan sahiblərinin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Bu qələbə sayəsində xallarının sayını 39-a çatdıran “Parma” turnir cədvəlində 13-cü pilləyə yüksəlib. Aktivində 43 xal olan “Udineze” isə 11-ci sırada qərarlaşıb.

İdman.Biz