Tramp, Pikfordun butulkası və Mileyin gödəkcəsi: DÇ-2026 nə ilə yadda qaldı? - İDMAN.BİZ-in İCMALI

20 İyul 2026 17:14
357
Tramp, Pikfordun butulkası və Mileyin gödəkcəsi: DÇ-2026 nə ilə yadda qaldı? - İDMAN.BİZ-in İCMALI

DÇ-2026 İspaniya millisinin finalda Argentinanı əlavə vaxtdan sonra 1:0 hesabı ilə məğlub edərək çempion olması ilə başa çatdı.

İdman.Biz xəbər verir ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi mundial azarkeşlərə təkcə 104 oyun, sensasiyalı nəticələr və yeni rekordlar bəxş etmədi. Turnir ərzində baş verən bəzi hadisələr futbol meydanındakı hadisələr qədər geniş müzakirə olundu.

Ən böyük sensasiyalardan biri Kabo-Verde millisi oldu. Mundialın debütantı İspaniya və Uruqvayla heç-heçə etdi, pley-offa yüksəldi və Argentinanı əlavə vaxta qədər mübarizə aparmağa məcbur etdi. Komandanın əsas qəhrəmanı isə 40 yaşlı qapıçı Vozinya idi. İspaniya ilə heç-heçədən sonra onun "Instagram" izləyicilərinin sayı bir sutkadan az müddətdə təxminən 50 mindən 10 milyona yüksəldi, daha sonra isə 20 milyonu keçdi.

Bu arada, Fransa - İraq qrup oyunu zamanı Filadelfiyada qeyri-adi hadisə yaşandı. Güclü yağış, ildırım və tufan səbəbindən ikinci hissənin başlanması iki saat on dəqiqə gecikdi. Azarkeşlərdən stadionun qapalı hissələrinə sığınmaları xahiş olundu, arena əməkdaşları isə meydançada yığılan suyu təmizləməli oldular. Bu, turnirin ilk hava şəraiti ilə bağlı fasiləsi və ən azı son bir neçə onillikdə dünya çempionatı matçında yaşanan ilk belə hadisə idi.

Turnir ərzində hər hissənin ortasında hava şəraitindən asılı olmayaraq tətbiq edilən məcburi üç dəqiqəlik su fasilələri də mübahisələr doğurdu. Nəticədə oyunlar faktiki olaraq dörd hissəyə bölünürdü. Baş məşqçilər bu fasilələrdən taym-aut kimi istifadə edir, tənqidçilər isə FIFA-nın televiziya reklamları üçün əlavə vaxt pəncərələri yaratdığını iddia edirdilər.

Turnirin ən böyük qalmaqalı ABŞ millisi ilə bağlı yaşandı. Folarin Baloqan Bosniya və Herseqovina ilə 1/16 final oyununda qırmızı vərəqə aldıqdan sonra ABŞ prezidenti Donald Tramp şəxsən FIFA prezidenti Canni İnfantinodan məsələyə yenidən baxılmasını xahiş etdi. Qeyd edilməlidir ki, qırmızı vərəqə ləğv edilmədi. FIFA avtomatik diskvalifikasiyanı dayandırdı və hücumçunun Belçikaya qarşı oynamasına icazə verdi. Bu qərar siyasi müdaxilə ittihamlarına səbəb oldu. ABŞ millisi isə Baloqanın da iştirak etdiyi oyunda Belçikaya 1:4 hesabı ilə uduzdu.

Argentina – İngiltərə yarımfinalından sonra isə sosial şəbəkələrdə Cordan Pikfordun su butulkasının görüntüləri geniş yayıldı. Argentina futbolçuları butulkanın üzərində penalti vuran oyunçular və onların zərbə istiqamətləri barədə qeydləri aşkar etdilər. Lionel Messi komanda yoldaşları ilə birlikdə İngiltərə qapıçısının qeydlərini diqqətlə öyrəndi. Lakin penaltilərə ehtiyac olmadı - Argentina əlavə olunmuş vaxtda vurduğu qolla 2:1 hesablı qələbə qazandı.

Final ərəfəsində isə 2007-ci ildə çəkilmiş bir foto yenidən populyarlıq qazandı. Həmin fotoda gənc Lionel Messi xeyriyyə aksiyası zamanı altı aylıq Lamin Yamalı çimizdirirdi. Təxminən 19 il sonra həmin fotonun qəhrəmanları dünya çempionatının finalında Argentina və İspaniya millilərinin liderləri kimi üz-üzə gəldilər. Final fitindən sonra isə meydanda qucaqlaşdılar.

Norveç millisi isə təkcə 1/4 finala yüksəlməsi ilə deyil, azarkeşlərinin "vikinq avarçəkməsi" adlandırılan şənliyi ilə də yadda qaldı. Azarkeşlər yerə oturaraq sinxron şəkildə avar çəkmə hərəkətlərini təqlid edirdilər. Bu aksiya o qədər populyarlaşdı ki, Norveç parlamentinin iclası qısa müddətə dayandırıldı və deputatlar da milli komandaya dəstək məqsədilə həmin hərəkətləri təkrarladılar.

Maraqlıdır ki, Argentina prezidenti Xavyer Miley finala getməkdən imtina edib. O, bunu mövhumatla əlaqələndirib. Prezident milli komandanın əvvəlki yeddi oyununu iqamətgahında eyni isti gödəkcə ilə izlədiyini bildirib. Mileyin sözlərinə görə, İsveçrə ilə oyunda isti hava səbəbindən gödəkcəsini çıxarıb və komanda dərhal qol buraxıb. Bundan sonra o, yenidən gödəkcəsini geyinərək ritualını dəyişməməyə qərar verib. Lakin finalda bu da kömək etməyib.

Finalın musiqili fasiləsi də tarixə düşüb. İlk dəfə dünya çempionatının həlledici oyunu "Super Bowl" üslubunda tammiqyaslı şou ilə müşayiət olunub. Səhnədə Madonna, BTS, Şakira, Castin Biber və digər məşhur ifaçılar çıxış ediblər. Şou təxminən 11 dəqiqə davam edib, fasilə isə ənənəvi 15 dəqiqə əvəzinə 27 dəqiqəyə qədər uzanıb. Turnirin qaliblərinə həmçinin Şimali Amerika idman ənənəsinə uyğun olaraq çempionluq üzükləri də təqdim olunub.

Mükafatlandırma mərasimi də qeyri-adi alınıb. Donald Tramp finala helikopterlə gəlib və FIFA prezidenti Canni İnfantino ilə birlikdə kuboku təqdim etmək üçün meydana çıxıb. Tribunalardakı azarkeşlərin bir hissəsi onu fitə basıb. Dünya kuboku təqdim edildikdən sonra ABŞ prezidenti bir müddət İspaniya millisinin futbolçuları ilə birlikdə podiumda qalıb və yalnız Rodri kuboku başı üzərinə qaldırmazdan əvvəl kənara çəkilib.

Məhz bu görüntü futbolun, siyasətin və Amerika əyləncə sənayesinin bir-birinə necə sıx bağlı olduğunu simvolizə edən əsas kadrlardan birinə çevrildi. DÇ-2026 bir daha sübut etdi ki, futbol təkcə idman deyil, həm də az tanınan futbolçunu dünya ulduzuna çevirə bilən böyük bir hadisədir. Elə buna görə də bu mundial yaddaşlarda təkcə idman nailiyyətləri ilə deyil, futbol qədər müzakirə olunan hadisələri ilə də qalacaq.

İdman.Biz