“İspaniya yığması dünya çempionluğuna tam layiq idi”.
Bu sözləri Azərbaycanın veteran futbolçusu Yunis Hüseynov dünya çempionatında İspaniya və Argentina komandaları arasında keçirilən final matçı barədə danışarkən deyib.
Mütəxəssis Cənubi Amerika təmsilçisinin həlledici görüşdəki çıxışını tənqid edib.
“Dünya çempionatı dörd ildən bir keçirildiyi üçün bütün futbol ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilir. Lakin Argentina və İspaniya arasında baş tutan final matçı gözlənilən keyfiyyətdə olmadı. Xüsusilə Argentina millisi finala qədər çox uğurlu və layiqli yol qət etsə də, həlledici qarşılaşmada yaxşı futbol nümayiş etdirə bilmədi. Meydanda futboldan daha çox gərginlik və aqressivlik ön plana çıxdı”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
İspaniya millisinin üstünlüyünə toxunan Yunis Hüseynov komandanın taktiki hazırlığını yüksək qiymətləndirib: “İspaniya topla oynamağı və oyuna nəzarət etməyi çox yaxşı bacaran komandadır. Matçın statistikasına nəzər salsaq, demək olar ki, bütün oyun ərzində topa sahibolma faizi və oyun üstünlüyü ispanların tərəfində idi. 90 dəqiqə ərzində rəqibin qapıya dəqiq zərbə endirməyə imkan tapmaması da İspaniyanın dominantlığının göstəricisidir. Onlar həddindən artıq güclü oyun nümayiş etdirərək layiq olduqları çempionluğu qazandılar”.
O, baş məşqçi Luis de la Fuentenin uğurlu strategiyasına da toxunub:
“De la Fuente daha əvvəl İspaniyanın 19 və 21 yaşadək gənclərdən ibarət milliləri ilə Avropa çempionu olub. Bu mütəxəssis əvvəldən tanıdığı və güvəndiyi gənc futbolçularla DÇ-2026-da da sona qədər getməyi bacardı və dünya çempionu titulunu qazandı. İspaniyanın bu uğuru tamamilə gözlənilən idi”.
Mundialın digər yaddaqalan məqamlarını da dəyərləndirən veteran futbolçu üçüncü yer uğrunda baş tutan İngiltərə – Fransa qarşılaşmasını (6:4) turnirin ən baxımlı oyunu, Türkiyə yığmasının qrup mərhələsində mübarizəni dayandırmasını isə ən böyük məyusluq adlandırıb.
Qeyd edək ki, DÇ-2026 ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunub. Turnirin finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu adına yiyələnib.
