İspaniyanın millisinin və “Barselona” futbol komandasının hücumçusu Ferran Torres Argentina ilə DÇ-2026 finalında vurduğu qələbə qolunu şərh edib.
İdman.Biz xəbər verir ki, ikinci hissədə meydana daxil olan futbolçu əlavə vaxtın 106-cı dəqiqəsində fərqlənərək İspaniyaya 1:0 hesablı qələbə qazandırıb. Bununla da İspaniya tarixində ikinci dəfə dünya çempionu olub.
Torres qolu təkcə meydanda olan futbolçuların deyil, bütün İspaniya xalqının vurduğunu bildirib:
“Düşünürəm ki, sonda bu qolu yalnız burada olanlar deyil, 47 milyon insan vurdu. Bu gün taleyimiz əvvəlcədən yazılmışdı. Qalib gəlmək bizim qismətimiz idi. Azarkeşlərimizdən uzaqda olsaq da, onlara mümkün qədər yaxın olmağa çalışdıq”.
26 yaşlı hücumçu Lionel Messinin çıxış etdiyi komandaya qarşı final oynamağın narahatlıq yaratdığını etiraf edib:
“Final oyunları həmişə çətin olur. Rəqib komandada Messi çıxış edəndə, əlbəttə, bu, narahatlıq yaradır. Amma biz hər zaman özümüzə inanırdıq və öz futbolumuzu göstərməyə çalışırdıq. Düşünürəm ki, bunu yenidən bacardıq”.
Torres turnir ərzində ünvanına səsləndirilən tənqidlərə də toxunub:
“Qol vurmaq mənim üçün böyük rahatlıqdır. Bütün turnir boyu məni tənqid etdilər. Amma əvvəldən də dediyim kimi, tale əvvəlcədən yazılmışdı. Allaha şükür edirəm. O, davam etmək üçün mənə həmişə güc verir və sonda insanın ən çox layiq olduğu şeyi ona bəxş edir”.
Qeyd edək ki, İspaniya bundan əvvəl 2010-cu ildə dünya çempionu olmuşdu. Ferran Torresin qolu yığmaya 16 illik fasilədən sonra ikinci mundial titulunu qazandırıb.
