Argentina futbol millisi DÇ-2026-nın dörddəbir finalında İsveçrəni məğlub edib.
İdman.Biz xəbər verir ki, Kanzas-Sitidəki “Errouhed” stadionunda keçirilən qarşılaşma son dünya çempionunun əlavə vaxtda 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Argentina millisi oyuna fəal başlayıb və 10-cu dəqiqədə hesabı açıb. Lionel Messinin künc zərbəsindən ötürməsini Aleksis Mak Allister baş zərbəsi ilə qola çevirib.
Bu, Messinin dünya çempionatlarında etdiyi onuncu məhsuldar ötürmə olub. 39 yaşlı futbolçu mundiallar tarixində ən çox assist edən oyunçuya çevrilib.
Buraxılan qoldan sonra İsveçrə tədricən oyunda tarazlıq yaradıb və rəqib qapısı qarşısında daha təhlükəli olmağa başlayıb. Murat Yakının komandası ikinci hissədə istəyinə çatıb. Dan Ndoe 67-ci dəqiqədə hesabı bərabərləşdirib.
İsveçrə beş dəqiqə sonra azlıqda qalıb. Breel Embolo simulyasiyaya görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Say üstünlüyü qazanan Argentina təzyiqi artırsa da, əsas vaxtda qələbə qolunu vura bilməyib. Qarşılaşmanın taleyi əlavə vaxtda həll olunub.
Xulian Alvares 112-ci dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə Argentinanı önə keçirib. Lautaro Martines isə 120+1-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib - 3:1.
Beləliklə, titulunu qorumağa çalışan Argentina ardıcıl ikinci dəfə dünya çempionatının yarımfinalına yüksəlib.
Lionel Skaloninin komandası əvvəlki mərhələdə Misir üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb. İsveçrə isə Kolumbiyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb - 0:0, penaltilər 4:3.
Argentina yarımfinalda İngiltərə ilə qarşılaşacaq. İngiltərə dörddəbir finalda Norveçi əlavə vaxtda 2:1 hesabı ilə məğlub edib. Görüş 15 iyulda Atlantadakı “Mersedes-Benz” stadionunda keçiriləcək.
Digər yarımfinal qarşılaşmasında İspaniya və Fransa üz-üzə gələcək.
