Almaniya futbol millisində baş məşqçi dəyişikliyi təsdiqlənib.
İdman.Biz xəbər verir ki, Yulian Naqelsmann DÇ-2026-dakı uğursuz çıxışdan sonra postunu tərk edib. Bu barədə Almaniya Futbol İttifaqı (DFB) məlumat yayıb. Rəhbərliklə görüşdən sonra 38 yaşlı mütəxəssis istefa verib.
Naqelsmannın ayrılığından sonra əsas namizəd Yurgen Klopp hesab olunur. DFB-dən “Liverpul”un keçmiş baş məşqçisi ilə danışıqlara başlamağa hazırlaşmaları təsdiqlənib.
“DFB rəhbərliyi indi Yurgen Klopp ilə danışıqlara başlamağa çalışır. O, artıq bu vəzifəni qəbul etməyə hazır olduğunu açıqlayıb”, - məlumatda qeyd olunur.
Yulian istefadan sonra azarkeşlərə açıqlama ilə müraciət edib:
“Mənim əsas prioritetim həmişə komandanın uğuru olub. Belə acı məyusluqdan sonra onlar hər şeyə yenidən başlamaq şansına layiqdirlər”.
Klopp hazırda “Red Bull” sistemində futbol üzrə qlobal rəhbər vəzifəsində çalışır. Almaniya mətbuatına görə, onun müqaviləsində “Almaniya” millisi üçün xüsusi çıxış bəndi var.
Qeyd edək ki, “Almaniya” DÇ-2026-nın 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb.
09:40
Almaniya futbol millisinin baş məşqçisi Yulian Naqelsmann DÇ-2026-dakı uğursuzluqdan sonra postunu itirib.
İdman.Biz xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Nəşrin yazdığına görə, Almaniya Futbol İttifaqı (DFB) rəhbərliyi ilə keçirilən qapalı görüşdə 38 yaşlı mütəxəssisdən hesabat istənilib.
Naqelsmann DFB prezidenti Bernd Noyendorf, idarəedici direktor Andreas Rettig, idman direktoru Rudi Föller və Bundesliqa rəhbəri Hans-Yoahim Vatske ilə təxminən üç saat yarımlıq görüş keçirib. Görüşdə Almaniya millisinin mundialdakı uğursuzluğu, heyət seçimi və məşqçinin qərarları müzakirə olunub.
“Bild” qeyd edir ki, hesabat qəbul edilməyib və Naqelsmann istefa verib. Onun qarşısına istefa və ya qovulma kimi iki seçib qoyulub. Almaniya Futbol İttifaqında artıq Naqelsmanna ödəniləcək təzminat və mümkün varis məsələləri müzakirə olunur.
“Tagesschau”nun məlumatına görə, yekun qərarın bu gün açıqlanması mümkündür. Hələlik DFB rəsmi şəkildə Naqelsmannın istefaya göndərildiyini elan etməyib.
Almaniya millisində baş məşqçi postuna əsas namizəd Yurgen Klopp hesab olunur. Almaniya mətbuatı keçmiş “Liverpul” çalışdırıcısının bu vəzifəyə gəlməyə hazır olduğunu bildirir.
Qeyd edək ki, Almaniya millisi DÇ-2026-nın 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb.
