DÇ-2026-nın ən xoşbəxt komandası müəyyənləşib - FOTO

23 İyun 2026 16:23
422
DÇ-2026-nın ən xoşbəxt komandası müəyyənləşib - FOTO

DÇ-2026-da debüt edən Kürasao futbol millisi turnirdə fərqli düşərgə qaydası ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Karib təmsilçisinin futbolçularına mundial zamanı ailələri ilə eyni oteldə qalmağa icazə verilib. Britaniya mətbuatının məlumatına görə, baş məşqçi Dik Advokat və komandanın tibbi heyəti bu qərarı oyunçular üçün emosional dəstək kimi qiymətləndirib.

Komandanın həkimi Süzanna Huurman bildirib ki, uzun turnirdə ailənin yaxın olması futbolçuların ev həsrətini azaltmağa və daha sakit qalmasına kömək edir.

Onun sözlərinə görə, futbolçular həyat yoldaşları ilə eyni otaqda qala bilirlər. Əgər ailədə uşaqlar varsa, onlara əlavə otaq ayrılır.

“Bu, milli komandalar futbolunda kifayət qədər unikal haldır. Kürasao kiçik ölkədir, insanları çox şən, isti və ailəyə bağlıdır”, - deyə komandanın həkimi əlavə edib.

Huurman intim yaxınlığın oyunçulara daha çox fizioloji yox, emosional baxımdan kömək etdiyini vurğulayıb. Onun sözlərinə görə, Kürasao futbolçularının çoxu dünya futbolunun ən yüksək səviyyəsində çıxış etmir və ailələrinin ABŞ-də həftələrlə qalması onlar üçün maddi baxımdan çətin ola bilərdi. Bu səbəbdən federasiya ailələrin xərclərini üzərinə götürüb.

Qeyd edək ki, Kürasao DÇ-2026-da ilk oyununda Almaniyaya 1:7 hesabı ilə uduzub, ikinci matçında isə Ekvadorla qolsuz heç-heçə edib. Bu nəticə komandanın mundial tarixində ilk xalı olub.

İdman.Biz